Eynək və linzadan istifadə qaydaları

393 baxış

Eynəklərin yaranma tarixi təxminən doqquz əsr əvvələ gedib çıxır. O vaxtlar görmə qabiliyyəti zəif olanlar üçün hazırlanmış gözlüklər bu gün həm də aksesuar kimi istifadə edilir. Təyinatına, rənginə və formasına görə eynəklər müxtəlif olur. Bəzi insanlar optik linzalara üstünlük versələr də, mütəxəssislər daha təhlükəsiz sayılan gözlüklərdən istifadə edilməsini məsləhət görürlər.

Demedideme.az Milli.Az-a istinadən bildirir ki, Bakı Baş Səhiyyə İdarəsinin baş oftalmoloqu Sevda Bəşirova AZƏRTAC-a müsahibəsində deyib: "Eynək taxılması görmə sahəsini daraldır, ətrafa konkret bir sahədən baxmağa məcbur edir. Linza isə buynuz qişanın üzərinə taxılır və belə olanda görmə sahəsində daralma müşahidə edilmir, yəni normal halda hansı görmə sahəsində görürsə, linza taxarkən də həmin məsafədə görür. Kontakt zamanı buynuz qişanın zədələnməsi infeksiya düşməsinə və daha ağır halların yaranmasına səbəb olur".

Gözün görünən və görünməyən hissələrini ultrabənövşəyi şüaların zərərli təsirindən qorumaq ucun günəş eynəklərindən istifadə edilir. Sürücülər və su idmanı ilə məşğul olanlar islanmış yola, qar və suyun üstünə düşən işığın neytrallaşmasında həmin eynəklərə üstünlük verirlər. Belə eynəklərdən dənizdə və qarlı dağlarda istirahət zamanı da istifadə etmək mümkündür.

Oftalmoloqun dediyinə görə, eynəyin şüşəsinin polyaroid, orqanika və ya mineraldan ibarət olmasına və keyfiyyətinə fikir vermək lazımdır. Optik eynəyin şüşəsinin isə cızılmayan örtük materialdan olması məsləhətdir, çünki bir müddət sonra cızılmalar baş verir və bu, görmənin daha da zəifləməsinə səbəb olur.

Demədi Demə

15:11 12.06.2020


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə