Kimlər gündə neçə dilim çörək yeməlidir? - Türkiyəli alim

363 baxış

Çörək son günlərin ən çox müzakirə olunan mövzularından biridir . Ümumiyyətlə son illərdə çörəyin sağlamlığa təsirini mütəxəssislər də tez-tez gündəmə gətirir. Hətta sağlam həyat tərzinin əsas şərtləri arasında ağ undan bişirilmiş çörəkdən və karbohidrat məhsullarından imtina birinci yerdə dayanır.

Demedideme.az xəbər verir ki, endokrinoloq, tanınmış professor Abdülkadir Ömər "Hansı çörək sağlamlığımız üçün zərərsizdir və gündə nə qədər çörək yeyilməlidir" sualına cavab verib.

"Cəmiyyətdə belə bir inanc formalaşıb ki, çörək sayəsində daha tez doyuruq. Lakin yadda saxlamaq lazımdır ki, orqanik, kimyəvi maddələrə məruz qalmayan və genetikası dəyişdirilməmiş dənli bitkilərdən əldə edilən undan bişirilən çörək daha tez doymağa kömək edir.

Tam taxıldan hazırlanan çörəkdəki liflər mədə və bağırsaq sağlamlığını qoruyur, qəbizliyin qarşısının alınmasına ciddi təsir edir. Bundan əlavə şəkər xəstələrinin qanda şəkər miqdarının yavaş yüksəlməsinə və xolesterinin nəzarətdə saxlanılmasına yardım edir.

Təbii çörək hansıdır?

Kimyəvi maddələrlə ağardılmamış undan bişən çörək faydalıdır. Məsələn, çovdar, yulaf və buğda unu keçərlidir. Rəfinə edilmiş unun digərləri ilə müqayisədə qida dəyəri fərqlidir. Odur ki, cəmiyyətdə təbii undan hazırlanan çörək məhsulları təbliğ olunmalıdır.

Sözsüz ki, orqanik çörək yerinə, rəfinə edilmiş un, yüksək miqdarda şəkər və yağlar ehtiva edən karbohidrat məhsulları zərərlidir. Rəfinə edilmiş undan hazırlanmış və yüksək miqdarda yağ əlavə edilmiş tortlar, digər şirniyyatlar təhlükəlidir. Bu qidaların kalori dəyəri olduqca yüksək olduğundan köklük və piylənmə başda olmaqla ciddi sağlamlıq problemlərinə yol aça bilər.

Gündə neçə dilim çörək yeyilməlidir?

- Gündəlik çörək miqdarı insanın fiziki fəaliyyətindən, yaşından, cinsindən və sağlamlıq vəziyyətindən asılıdır. Gənc inşaat işçisi ilə artıq çəkili insanın və ya yaşlı diabetli xəstənin çörək norması əlbəttə fərqli olacaq.

Ciddi xəstəliyiniz yoxdursa və ya aktiv həyat tərziniz varsa, orqanik çörəkdən hər yeməkdə ehtiyacınız olan qədər istifadə edə bilərsiniz. Ancaq diabet, ürək, piylənmə və yüksək təzyiq kimi xəstəliklər olduqda, hər yeməkdə bir dilim çörəklə məhdudlaşmağı öyrənməlisiniz. (publika.az)

Demədi Demə

10:15 09.06.2020


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə