Öskürək, nəfəs darlığı, sinədə xışıltı: Milyonlarla insan bu xəstəlikdən əziyyət çəkir

515 baxış

Bu gün dünyada milyonlarla insan tənəffüs yollarının xroniki xəstəliklərindən əziyyət çəkir.

Demedideme.az e-tibb.az-a istinadən bildirir ki, onlardan biri də astmadır. Astma yunan dilindən tərcümədə  "ağır nəfəs" mənasını verir. Həmin terminin müəllifi Hippokrat sayılır. Astmanın əsas səbəbinin soyuq və nəmişlik olduğu göstərilir. Xəstəliyin inkişafının ən başlıca risk faktoru allergenlər hesab olunur. Bir sıra hallarda astmanın ortaya çıxması genetik faktorlarla əlaqələndirilir. Astmanın əsas əlaməti nəfəs çatışmazlığı, sinədə xışıltı, xırıltı, basqı hissi, öskürək tutmaları sayılır. Bu əlamətlər hər kəsdə fərqli ola və zaman-zaman dəyişə bilər. Bəzən əlamətlərin hamısı, bəzən isə yalnız biri ortaya çıxır. Öskürək tutmaları əsasən gecələr və erkən saatlarda daha çox müşahidə olunur. Dünyada 300 milyona yaxın şəxsin astma xəstəsi olduğu bildirilir. Astma xəstələrinin sayı illər keçdikcə daha da artır.

Təxminən hər 12-13 nəfər yetkin insandan biri bu xəstəlikdən əziyyət çəkir. Rast gəlmə faizi həyat tərzi və ətraf mühit amillərinə əsasən dəyişir. Hər il dünyada təxminən 250 min nəfərin astmadan öldüyü deyilir. Astmaya uşaqlar arasında da geniş rast gəlinir. Uşaqlarda ən çox rastlanan xroniki xəstəliklərin başında astma gəlir. Hər 7-8 uşaqdan biri astma xəstəsi sayılır. Uşaqlarda tez-tez rast gəlinən əlamətlər isə gecələr və səhərlər baş verən, qaçandan, ağlayandan sonra yaranan öskürək, nəfəs darlığıdır. Astmalı uşaqlarda zökəm və qripin uzun müddət davam etməsi, iltihabın sinəyə yayılması, burunda axıntı, burun tıxanıqlığı, tez-tez xəstələnmə, çox antibiotik qəbulu kimi durumlar ortaya çıxır. Əsasən uşaqlarda qida allergiyasının astmaya səbəb olduğu deyilir. Ona görə də qidaya allergiyası olan uşaqların daim nəzarətdə saxklanılması tövsiyə edilir.

Qeyd edək ki, hər il may ayının ilk ikinci günü Dünya Astma Günü kimi qeyd olunur. Bu il həmin gün mayın 5-nə təsadüf edir. Bu günün qeyd olunmasının məqsədi insanları astma xəstəliyi, onun səbəbləri, nəticələri, fəsadları barədə məlumatlandırmaqdır.

Günün yaranma tarixi 1993-cü ildə ABŞ-ın Milli Ürək, Ağciyər və Qan İnstitutu, Milli Sağlamlıq İnstitutu və Dünya Sağlamlıq Mərkəzi tərəfindən "Bronxial astmanın müalicəsi və profilaktikası qlobal strategiyası"nı müəyyənləşdirən işçi qrupunun yaradılması ilə bağlıdır. 1998-ci ildə Barselonada keçirilən dünya mütəxəssislərinin astma problemlərinə həsr olunmuş Ümumdünya Bronxial Astma Forumuna 35 ölkə qoşulub və həmin ölkələrin sırası ildən-ilə genişlənir. Hazırda dünyanın 80-dən çox ölkəsində əhalinin maarifləndirilməsi məqsədilə bronxial astmanın müalicəsi və profilaktikası qlobal strategiyası çərçivəsində müxtəlif tədbirlər keçirilir.

Demədi Demə

22:34 16.05.2020


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə