Bu insanlar mütləq sağalır! - Koronovirusdan...

453 baxış

Son günlərdə sosial şəbəkələrdə sarımsağın, zəncəfilin koronaya qarşı təbii müalicə vasitəsi olduğuna dair iddialar baş alıb gedir. 

Hətta, hər axşam zəncəfil yeyib yataraq koronaya heç vaxt tutulmayacağına inananlar da var. Təbii ki, ilk baxışdan xurafat təsiri bağışlayır. Bəlkə də bütün bunlar insan beyninin özünüqoruma instinktindən qaynaqlanır

İnsan beyni  heyrətamiz dərəcədə mürəkkəb quruluşa malikdir. Eyni zamanda, manipulyasiya edilmək üçün olduqca uyğun orqandır. 

Təsəvvür edin, həyatınızın kontrolu beyninizin əlindədir... İnanmazsınız, bəlkə də, amma indikindən çox  fərqli bir mənzərə meydana çıxar... 
 Qədimdə insanlar özlərini müalicə etməkçün xüsusi bir metod tətbiq ediblər. Onlar, gözlərini yumaraq sakit, səssiz uzanır, günlərlə özlərinə “mən sağlamam”, “xəstəlik mənə qalib gəlməyəcək”  deyə-deyə bir də görürdülər ki, sağalıblar. 
1990-cı illərdə isə “stress bilərziyi” dəbdə idi. Qəzetlərin kupon qarşılığında oxucularına hədiyyə göndərdiyi bu bilərziklərin stressi yox etdiyinə inanılırdı.  Səbəb kimi də bilərziyin iki ucundakı maqnitlər göstərilirdi. 
ST:  Bəs, görəsən, həmin bilərziklər, həqiqətən də, xeyirli idimi? Müalicə prosesində heç bir əhəmiyyəti olmayan  həblər, üsullar insanı sağalda bilirmi?
Belimizə bağladığımız alabalıq bel yırtığına yaxşı təsir edirmi? Yaxud, qorxuluq suyu içirdilən uşaq daha gecələr ağlamır ki? Bütün bunlar xurafat kimi görünür, amma, məncə, ilk baxışdan “əşşi, deyirlər də...” deyib keçməyək. Çünki, tibbdə “Plasebo (Placebo) effekti” kimi bilinən bir metod var. İlk dəfə 1785-ci ildə George Motherby tərəfindən dərc edilən Yeni Tibb Lüğətində bu deyimə rast gəlirik.  Plasebo ilə bağlı ilk nəzarətli testin nəticələri  1801-ci ildə John Haygarth tərəfindən yayınlanıb. 
 Plasebo latıncadan tərcümədə “məmnun etmək” kimi təcümə olunur. Bir növ, “sən bunu bacararsan”, “sən buna layiqsən”, “sən istedadlısan” kimi özünəinam yaradan kəlmələrlə eyni təsir gücünə maikdir. Tibbdə bu üsuldan istifadə edərək xəstələrin sağaldılmasına çox rast gəlinir.  Məsələn, həkim  xəstəyə  balaca, qırmızı bir həb verib deyir ki, “bu, səni sağaldacaq”. 

Qısa zamanda xəstə yaxşılaşır, özünü daha gümrah hiss edir. Əslində isə, o xəstə bilmir ki, həkimin ona verdiyi balaca, qırmızı həb, sadəcə, şirin konfet idi... 


Çünki, artıq xəstənin beyni həmin şəkəri “sağlamlığın açarı olan həb” kimi qəbul edib. Görürsünüzmü, insan beyni nələrə qadirdir? 
 Bu cür nümunələrlə tibb tarixi zəngindir. Ən maraqlısını isə, Henry Beecher  öz kitabında yazıb. O, öz kitabıyla “Plasebo” terminini 1950-ci illərdə təkrar gündəmə gətirib.  Henry Beecher  II Dünya Müharibəsi illərində hərbi həkim olub. O, kitabında başına gələn hadisələri yazıb. Yazdığına görə, müharibə zamanı bir gün əlində olan morfin ehtiyatı tükənir. Amma,  yaralı əsgərlərin ah-naləsi onun vicdanını rahat buraxmır. Həkim məcbur qalır, xəstələrə duzlu su inyeksiya edir və hamısına da: “İndi sənə morfin vurdum, az sonra ağrın keçəcək”-deyir. Qəribədir ki, həqiqətən də, qısa zamanda əsgərlər ağrılarının azaldığını deyir, həkimə təşəkkür edirlər. Bu, Plasebo effekti idi... 
 Plasebo effektinin əksi isə “Nosebo”dur (Nocebo) . Bu yöndə də tibbi araşdırmalar və əldə olunan nəticələr çoxsaylıdır. 

Həmin araşdırmaların birində zəhərli sarmaşığa allergiyası olan 10 nəfər seçilib. Sonra onların sol qoluna zərərsiz bir yarpaq sürtülərək, “bu,  sarmaşıq yarpağıdır, deyəsən...” deyilib.  Az sonra həmin adamların qolları qızarıb, hamısı da qaşınmağa başlayıb. Yəni, adicə su verib xəstəni zəhər içdiyinə inandırırlar və o, doğrudan da, zəhərlənmə simptomları göstərir... Bu, Nosebo effektidir. 
 
Düzdür, tibb elmi plasebo və nocebo effektlərinin əslində necə baş verdiyi haqqında hələ də dəqiq məlumat əldə edə bilməyib. Yenə də, insanların xəstəliyi yenəcəklərinə inanmağını seyr etmək gözəldir. 

Bu koronaviruslu günlərdə də hərə bir üsula, bir xurafata inanır. Kim bilir, bəlkə də, hardasa inancıyla sağalan-yəni Plasebo effektiylə koronavirusa qalib gələn biri var?

Demədi Demə

18:29 13.04.2020


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə