Koronavirus bəşəriyyətin faciəsi kimi meydana çıxdı. Amma, insanlar sübut etdi ki, istənilən halda, həyatın iki üzü var: faciə və komediya... Bu gün sizə “korona günlərində tragikomediya”dan danışacağam.
K/A: Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında Covid-19`un yaşama müddəti bu sıralamayla açıqlanıb: karton səthlərdə 24 saat, misdə 4 saat, plastik və polad üzərində 3 gün... Yaponiyanın Yokohama limanında karantinaya alınan gəmidə aparılan araşdırmalar bu açıqlamanı mübahisə mövzusuna çevirib. Belə ki, karantin müddəti başa çatdıqda sərnişinlər təxliyə olunub. 17 gün sonra isə gəmidə araşdırmalar başlayıb. Və gəmidən koronavirus tapılıb. Bu hadisədən sonra ÜST növbəti açıqlamanı yayıb və bildirib ki: “Viruslar həyati fəaliyyətdə olmadığı müddətdə canlı qəbul edilmir. Çoxala bilmək üçün onlar başqa bir canlının hüceyrələrini ələ keçirməlidirlər.” Xatırladım ki, İngiltərəyə aid “Diamond Princess” adlı gəmi fevralın əvvəlində 3700 sərnişini və gəmi heyəti ilə birgə Yokohama limanında karantinə alınmışdı.
“Salğınlar və toplum: Qara vəbadan günümüzə” kitabının müəllifi professor Snowden deyir ki: “Koronavirusdan sonra daha insani bir cəmiyyət yarada bilərik”. Burda əsas məqam budur “koronavirusdan sonra”... Bəs indi?
K/A: “İndi” dediyimiz zaman kəsiyində baş verənlər üzümüzə gülüş bəxş etsə də, ürəyimizə təəssüf yükləyir...
-İtaliya Yunanıstana göndəriləcək 2000 süni nəfəs aparatını mənimsədi.
-Almaniyanın satın aldığı 6 milyon maska Keniyada itdi.
-Çinin İtaliyaya göndərdiyi tibbi ləvazimatları Almaniya mənimsədi. Xarici İşlər Nazirliyi işə qarışandan sonra həyati əhəmiyyətli yük ünvanına çatdı.
-İspaniyanın Çindən aldığı Bioeasy markalı xəstəliyin müəyyən edilməsi üçün ekspress test ləvazimatlarının həssaslığı 80% olmalıydı. İspaniyada aparılan yoxlama zamanı həssaslığın 30% olduğu açıqlandı.
Ümumi mənzərənin fonunda dünya liderlərinin müxtəlif yanaşmaları isə tragikomediyanın monoloqlarına çevrildi. Əvvəlcə Trump üzünü ABŞ vətəndaşlarına tutub dedi: “Koronavirus kütləsəl depressiyadan daha az adam öldürür. Karantin rejimi olsa iqtisadiyyat çökər. Hər il qripdən minlərlə insan ölür, amma karantin elan etmirik. Özünüzü qoruyun və işinizə gedin”.
ABŞ yoluxma sayına görə siyahının liderliyini ələ keçirəndən sonra bəzi ştatlarda karantin rejiminə keçilməsi onun sözlərinin alqışa layiq olmadığını göstərdi.
Braziliya prezidenti Bolsonaro da Trump`ın “ayaqabısını geydi, amma, onun kimi yeriyə bilmədi”. O, koronavirus böhranını “medianın oyunlarından biri” adlandırdı və əlavə etdi ki: “Koronavirus yüngül qripdən başqa bir şey deyil”. Lakin, Braziliya mafiyaları “doğru olanı hökumət etmirsə, biz edərik” deyərək küçəyə çıxma yasağı elan etdi... Mafiyanın bütün problemləri necə həll etdiyini biləndən sonra, küçəyə çıxacaq cəsarət kimdə olar ki?!
Belarus prezidenti Aleksandr Lukaşenko xaricdəki vətəndaşlar haqqında danışarkən deyib: “İnsanlara ölkədən çıxmamaq barədə xəbərdarlıq etdik. Bundan sonra xaricdə naçar qalan vətəndaşlarımız zəhmət çəkib elə getdikləri yerdə də başlarını saxlamağa çalışsınlar. Bu, onların seçimidi”.
İsrail Səhiyyə Nazirinin sözləri isə Hindistan rəsmilərinin inək sidiyi içməsi qədər effekt verdi... O, deyib: “Məsihin Mayasız çörək bayramından öncə gəlməsi üçün dua edirik. Əminəm ki, Məsih gələcək. Yaxında Məsih bizi dünyadakı bütün dərdlərdən qurtaracaq”.
S/T: İtaliyada bələdiyyə sədrlərindən biri əhaliyə daha kreativ şəkildə müraciət edib. O, üzünü vətəndaşlara tutaraq deyib: “Bax, bu, bir film deyil. “Mən əfsanəyəm” filmini çəkmirik. Sən də Uill Smit deyilsən. Evinə get”.
K/A: Koronavirusdan ölüm sayına görə lider olan İtaliyada ümid işığını 101 yaşlı Signor P. (Cənab P.) yandırıb. O, koronavirusa qalib gəlib. İspan qripi epidemiyası zamanında dünyaya gələn Signor P. bir həftəlik müalicə prosesindən sonra sağalıb və evə buraxılıb.
İstanbulda isə gənclər yoldan keçən yaşlı adamın başına odekolon tökərək “virusun birini tapdıq” deyib.
Tragikomediyanın bir bölümünü də koronaviruslu xəstələr, Hippokrat andı içərək ağ xalat geyinən həkimlər yazır...
Misirdə bir xəstəxanada həkimlər, tibb bacıları, hətta sanitarlar belə koronavirusa yoluxan xəstələri taleyin ümidinə buraxıb qaçıblar.
ABŞ-ın Missuri ştatında FBİ koronavirus xəstələrinin müalicə edildiyi xəstəxanaya bomba yerləşdirməyi planlaşdırılan şəxsi həbs etmək üçün hərəkətə keçib. Atışmada şübhəli şəxs ölüb...
25 martda Afrikada qəribə hadisə baş verib. Ruandada karantindən qaçan koronaviruslu xəstə birbaşa balıq tutmağa yollanıb... Burda Ana Təbiət işə qarışıb, koronaviruslu xəstəni timsah yeyib...
Belçikada isə gündəmi sahibindən koronavirus yoluxan pişik zəbt edib. Viroloq Steven Van Gucht pişiyin sahibinin ardından koronavirus simptomları göstərdiyini söyləyib. Onun sözlərinə görə, hazırda pişik müalicə alır və vəziyyəti yaxşılaşmağa doğru gedir.
17:10 23.08.2022
12:59 04.08.2021
10:09 04.08.2021
08:57 04.08.2021
15:17 30.07.2021
14:55 30.07.2021
12:26 29.07.2021
11:31 29.07.2021
16:38 27.07.2021
14:33 27.07.2021
17:35 26.07.2021
17:17 26.07.2021
14:09 26.07.2021
17:01 22.07.2021
10:56 22.07.2021
Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə