Ümumdünya Səhiyyə Təşkilatından koronavirusla bağlı yeni qərar
Ümumdünya Səhiyyə Təşkilatı KOVİD-19`un yayılması və təsirilə bağlı qərarnaməni yeniləyib. Belə ki, təşkilat koronavirusun təhlükəsini “yüksək” dərəcədən “çox yüksək” dərəcəyə qaldırıb. Bununla yanaşı, 28 fevralda yoluxma hallarının indiyədək qeydə alınan bütün rəqəmlərdən aşağı olması müşahidə edilib.
Elektron mətbuatda yer alan xəbərə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının direktoru Tedros Adhanom Ghebreyesus 28 fevralda keçirdiyi brifinqdə açıqlayıb. O, vurğulayıb ki, son 24 saatda Çində 329 yoluxma faktı qeydə alınıb və bu, son bir neçə aydakı rəqəmlərlə müqayisədə ən kiçik saydır.
Ümumdünya Səhiyyə Təşkilatının hesabatında indiyədək Çində 78 min adamın virusa yoluxduğu, onlardan 2791 nəfərin öldüyü bildirilib. Çindən əlavə, 49 ölkədə rast gəlinən 4351 virusa yoluxma hallarından isə 67-i ölümlə nəticələnib.
27 fevraldan bu yana Danimarka, Estoniya, Litva, Hollandiya və Nigeriya da KOVİD-19 virusuna yoluxma barədə məlumatları açıqlayıblar. Brifinq zamanı Ümumdünya Səhiyyə Təşkilatının direktoru Ghebreyesus bu ölkələrdəki yoluxma hallarının İtaliya ilə bağlı olduğuna diqqət çəkib. O, xüsusi qeyd edib ki, indiyədək 14 ölkədə aşkarlanan 24 yoluxma hadisəsi məhz İtaliya ilə əlaqədardır. İran isə siyahıda ikincidir, belə ki, 11 ölkədə rast gəlinən 97 yoluxma halı məhz İrandan qaynaqlanır.
“Son bir neçə gün ərzində yoluxma ilə bağlı rəsmi statistikanın artması və ard-arda bir çox ölkələrdən bu cür açıqlamaların yayılması olduqca narahatlıq yaradır”. –bunu da öz açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının direktoru Ghebreyesus deyib. O, əlavə edib ki: “Epidemioloqlar baş verənləri diqqətlə müşahidə edir. KOVİD-19`un dünyada yaratdığı riski və nəticələri nəzərə alaraq onun təhlükəsini “çox yüksək” dəyərləndirdik”.
Ghebreyesus`un sözlərinə görə, yoluxma hallarının tez aşkarlanması, həmin xəstələrin təcrid edilməsi və daimi müşahidə altında qalması virusun yayılmasına mane olar. Bu da imkan verər ki, yaxın zamanda qarşısı alınsın. Hazırda 20-dən çox təşkilat və tibbi qurumun koronavirusa qarşı vaksin hazırlamaq üçün araşdırmalar apardığını deyən Ghebreyesus brifinq zamanı “virusla mübarizədə 10 qızıl qayda”nı da açıqlayıb.
1. Əllərinizi mütəmadi olaraq alkoqol tərkibli vasitələrlə təmizləyin. Xəstə insanlarla əl təmasından çəkinin.
2. Daimi toxunduğunuz səthləri tez-tez təmizləyin. Məsələn, mətbəx stolu, yaxud iş masası kimi yerlər...
3. KOVİD-19 haqqında ətraflı məlumat almağa çalışın. Əmin olun ki, aldığınız məlumatların mənbəyi etibarlıdır. Unutmayın, koronavirus bütün hallarda ölümcül deyil. Gigiyenik qaydalara və düzgün qidalanmaya əməl etməklə, virusla mübarizə aparmaq mümkündür.
4. Temperaturunuz, yaxud quru öskürəyiniz varsa, yol çıxmaqdan, səyahət etməkdən çəkinin. Mütləq həkimə müraciət edin və olduğunuz yerlər barədə ətraflı məlumat verin.
5. Öskürəndə, yaxud asqıranda burnunuzu dəsmalla silin. Sonra da həmin dəsmalı ağzı bağlı zibil yeşiyinə tullayın və dərhal əlinizi yumağa çalışın.
6. Yaşınız 60-ı keçibsə, üstəlik, ürək-damar problemləri, tənəffüs yolları xəstəliklərindən hər hansı biri, yaxud, diabetiniz varsa, həkimə müraciət edin. İctimai yerlərdən uzaq durun, daha az insanla təmasda olmağa çalışın.
7. Özünüzü yaxşı hiss etmirsinizsə, evdə qalın, həkimə zəng vurub vəziyyətinizi ətraflı izah edin. Lazım gəldikdə, bir otağa çəkilib özünüzü ailə üzvlərinizdən təcrid edin. Yalnız həkim məsləhətiylə hərəkət etməyə üstünlük verin.
8. Özünüzü xəstə hiss edirsinizsə, ailə üzvləri ilə eyni masaya əyləşməyin. Hətta, boşqab və çəngəlinizi belə ayırın. Tualetdən, yaxud hamamdan istifadə etdikdən sonra toxunduğunuz səthləri alkoqol tərkibli vasitələrlə dezinfeksiya edin.
9. Nəfəs almaqda çətinlik çəkirsinizsə, həmin dəqiqə həkimə zəng vurun və tibbi heyətin gəlib sizi xəstəxanaya aparmasını səbrlə gözləyin.
10. Xüsusilə, yoluxma hallarının qeydə alındığı ölkədə, şəhərdə yaşayırsınızsa, narahat olmağınız normaldır. Məlumatlanın və yaşadığınız cəmiyyətdə necə davranacağınız barədə mütəxəssislərin məsləhətlərinə diqqət edin. Öyrəndiyiniz məlumatları iş yoldaşlarınıza və yaxud qohumlarınıza aram-aram, sadə dillə başa salın.
17:10 23.08.2022
12:59 04.08.2021
10:09 04.08.2021
08:57 04.08.2021
15:17 30.07.2021
14:55 30.07.2021
12:26 29.07.2021
11:31 29.07.2021
16:38 27.07.2021
14:33 27.07.2021
17:35 26.07.2021
17:17 26.07.2021
14:09 26.07.2021
17:01 22.07.2021
10:56 22.07.2021
Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə