Əsl virus mənbəyi: Google Play-də yayılan zərərli tətbiqlərin statistikası

648 baxış

Təhlükəsizlik üzrə mütəxəssislər Android istifadəçilərə tətbiqləri Google Play-dən yükləməyi məsləhət görsələr də çox zaman zərərli tətbiqlərin çox hissəsi məhz bu platformada aşkar edilir. Upstream adlı tədqiqat şirkəti mobil cihazların həmin zərərli tətbiqlər ilə yoluxma statistikasından əlavə olaraq bu cür tətbiqlərin aktiv çoxalmalarını da təyin edir. Bu barədə Gizchina saytı xəbər verib. Beləliklə Upstream şirkətinin təqdim etdiyi hesabata əsasən bu ilin birinci rübündə Android üçün olan zərərli tətbiqlərin sayı 29.000-i keçib.

Müqayisə üçün qeyd etmək lazımdır ki, keçən ilin birinci rübündə bu göstərici 14.500 idi. Beləliklə Android üçün olan zərərli tətbiqlərin sayı iki dəfə yüksəlib. Mütəxəssislər qeyd ediblər ki, Android üçün olan 10 zərərli tətbiqdən 9-u məhz Google Play-də aşkar edilib. Bu isə o deməkdir ki, həmin tətbiqlər Google Play platformasının moderasiya prosesindən və təhlükəsizlik sistemindən keçə biliblər. Keçən ilin sonunda yayılmış 100 zərərli tətbiqin təqribi olaraq 30%-i məhz Google Play-də aşkar edilmişdi.

Mütəxəssislər həmçinin qeyd ediblər ki, viruslarla yoluxmuş Android cihazların sayı 11.2 milyon təşkil edir. Bu isə keçən ilin birinci rüb göstəricisi ilə müqayisədə 7% daha çoxdur. Bu məsələdə maraqlı bir qanunauyğunluq var. Belə ki, zərərli tətbiqlərin böyük hissəsi əyləncə kateqoriyasına aiddir və onlar xəbər oxumağa, musiqi dinləməyə və oyun oynamağa imkan verirlər. Bu ilin əvvəlinin ən problemli tətbiqi isə Snaptube hesab edilir. Sözügedən tətbiqin yüklənmə sayı 40 milyonu keçib. Bu tətbiq Google Play-dən silinsə də kənar resurslar tərəfindən yayılır.

Demədi Demə

15:20 13.06.2020


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə