Tanrı Adəm və Həvvanı yaradanda onlar ölümü tanımırdı. Sonra ilk insanlar Tanrıya qarşı günah işlədi. Beləcə, ölüm də günah vasitəsilə dünyaya ayaq açdı. Bu, min illərdir insanlığın təsəlli tapdığı düşüncə tərzidir. Kim bilir, bəlkə də bu cür düşünən babalarımız heç də yanılmırdılar? Bəlkə də şüuraltımızdakı ölümsüzlük arzusu Adəmdən bizə ötürülən DNT-lərdədir?
Daimi həyat arzusu insanın təbiətində mövcud olan ən güclü arzudur. Amma, bu arzunun gücü ölümün həqiqət olduğuna kölgə salmır. Bütün səmavi dinlərdə ölüm “yox olma” anlamıyla simvolizə edilir. Ölümdən sonrakı həyat isə insanların “axirət” kəlməsini anladığı qədər ölçüyə sahibdir. Yəni, necə deyərlər, “hələ heç kim o dünyanı görməyib”. Peyğəmbər Hz. Məhəmməd isə deyirdi: “İnsan qocaldıqca iki şey gəncləşir: uzun yaşamaq arzusu və mal sevgisi”.
Ölmək, yəni qəti şəkildəki yox olma insanların ən böyük qorxusu olaraq qalmaqdadır. İspan filosofu Miguel de Unammuno öz qorxusunu belə ifadə edib: “Birdəfəlik yox olmaqdansa, sonsuza qədər cəhənnəmdə yanmağa hazıram. Heç bir şey mənə heçlik qədər qorxunc təsir bağışlamır”.
S/T: İnsanlardakı daimi həyat arzusu ölümsüzlüyü axtarmaq üçün bir təkandır. Ən qədim tarixdən başlayaraq ta indiyədək insanlar ölümsüzlüyün axtarışındadır. Misir mumiyaları ölümsüzlüyə olan şüuraltı inamın göstəricisi idi.
Ölən insanların mumiyalanması və əşyaları ilə birgə dəfn edilməsi onların gələcəkdə yenidən dirilməsi ehtimalına əsaslanırdı. Qədim türklərdə də bu adət vardı. Ölən adamın bütün var-dövləti onunla birgə məzara qoyulurdu ki, ikinci yaşamında faydalana bilsin.
Bu günədək bəzi elm adamları, futuristlər və filosoflar insan orqanizminin ölümsüzlüyü haqqında nəzəriyyələr irəli sürüblər. Ötən əsrin sonlarında futuristlər inanırdı ki, XXI əsrin ilk onilliyində ölümsüzlüyə gedən yol tapılacaq. Bəziləri isə bu yöndəki elmi araşdırmaların hələ çox on illiklər tələb edəcəyini düşünürdü.
Belə görünür ki, insan oğlu ölümsüzlük axtarışından heç vaxt əl çəkməyib və çəkməyəcək də. Dövrümüzdə kök hüceyrələrin yenilənməsi ilə qocalığın gecikdirilməsinə böyük ümid bəslənilir. Bundan əlavə, Cryonics ( Dondur-Gözlət-Canlandır) ölümsüzlük axtarışında yeni üfüqlər açıb.
Cryonics “Qış yuxusu” anlamına gələn hibernasiyadan ilhamlanaraq inkişaf etdirilən bir sistemdir. Bu sistemə görə, orqanizm ölümün baş verməsindən həmən sonra dondurulacaq və illər sonra yenidən canlandırılacaq.
Robert Ettinger “Ölümsüzlük ehtimalı” adlı əsərində dondur-gözlət-canlandır fikrinin məntiqə uyğun olduğunu yazırdı. 1962-ci ildə ABŞ-da bu mövzunu əsas götürən “Cryonics Association” adlı şirkət quruldu. İnsanlar yavaş-yavaş bu şirkətə müraciət etməyə başladı. Kimisi uzun sürən xəstəliyinə çarə axtarırdı, kimisi də ömrünü uzatmaq niyyətindəydi. Cryonics üsulu ilə ilk dondurulan adam amerikalı psixoloq James Bedford olub. O, 1967-ci ildə 73 yaşında ağciyər xərçəngindən ölüb. 52 ildir ki, yenidən dirilməyi gözləyir.
Hazırda dünyada Cryonics sistemi ilə fəaliyyət göstərən 5 şirkət var:
1. Alcor Life Extension Foundation (ABŞ - Arizona)
2. American Cryonics Society (ABŞ - Kaliforniya)
3. Cryonics İnstitute (ABŞ - Miçiqan)
4. Trans Time (ABŞ - Kaliforniya)
5. KrioRus (Rusiya - Moskva)
Və bu şirkətlərin laboratoriyalarında ümumilikdə 230 adam yenidən dirilməni gözləyir.Bu adamların bəziləri bütün bədənlərini dondurmağı vəsiyyət edib. Bəziləri isə bir hüceyrənin dirilməyə bəs edəcəyini düşünərək təkcə başının dondurulmasını istəyib.
17:10 23.08.2022
12:59 04.08.2021
10:09 04.08.2021
08:57 04.08.2021
15:17 30.07.2021
14:55 30.07.2021
12:26 29.07.2021
11:31 29.07.2021
16:38 27.07.2021
14:33 27.07.2021
17:35 26.07.2021
17:17 26.07.2021
14:09 26.07.2021
17:01 22.07.2021
10:56 22.07.2021
Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə