İtirdiyi bəxt üzüynü 20 ildən sonra kökün içindən tapdı

473 baxış

İtirdiyi bəxt üzüynü  20 ildən sonra kökün içindən tapdı

K/A: Şanslı və ya bəxti gətirən o deyil ki, mütləq yolda gedərkən pul tapsın, yaxud başına göydən qızıl yağsın. Bəzən ölümdən “qıl payı” qurtulmaq, itiyini milyonda bir ehtimalla tapmaq da qızıl bəxtin göstəricisidir. Bu gün sizə məhz bu cür: qeyri-adi dərəcədə bəxti gətirən insanlardan danışacağam... 
1. Meri Qrams... 1951-ci ildə Meri sevgilisindən evlilik təklifi alır və “hə” cavabı verir. Həmin gün Meri nişanlısına söz verir ki, ölənədək bu üzüyü barmağından çıxarmayacaq. Amma, “sən saydığını say, gör fələk nə sayır”... 2004-cü ildə Meri həmin üzüyü itirir. Ərinə üzüyü itirdiyini deməyə utanır. Oğluyla birgə bütün evi, həyəti axtarır, tapa bilmir. Axırda oğlu anasının çox utandığını görür, onun brilyant qaşlı üzüyünün ucuz variantını düzəltdirir. Meri həmin ucuz üzüyü barmağına taxır. Əri onun üzüyü itirdiyini bilmir və Merinin barmağındakı üzüyün süni olduğundan şübhələnmir. Aradan illər keçir, 2012-ci ildə Merinin əri vəfat edir. 2017-ci ildə Merinin gəlini axşam yeməyi üçün həyətdəki kiçik bostandan yerkökü yığmağa gedir. Birdən nə görsə yaxşıdır? Merinin illər əvvəl itən üzüyü yerkökünə pərçimlənib... Sən  demə, üzük illərdir elə burada-bostan yerində, torpağın içindəymiş... Meri üzüyünü görəndə sevinir, amma üzüyün itməsini ərindən gizli saxlaması onun nisgilinə çevrilir... 
2. Rick Antosh... Hamı restorana pul xərcləməyə gedir. Amma, həyat qəribədir, bəzən restoranda pul qazanmaq da olur... Rick Antosh Nyu-Yorkdakı məhşur dəniz məhsulları restoranına tez-tez gedir, 14 dollar 95 sent qiyməti olan menyunu sifariş edirdi. Bir gün də yemək zamanı ağzında bərk nəyinsə olduğunu hiss edir. Əvvəlcə elə bilir ki, plomblu dişi  qırılıb. Çıxarıb baxanda isə ovcundakının mirvari olduğunu görür. Məsələni bilən restoranın baş aşpazı bu hadisənin 28 ildə ikinci olduğunu deyir. Həmin mirvarinin qiymətinin 2000-4000 dollar arasında dəyişdiyini nəzərə alsaq, Rick`in şansına həsəd aparmamaq mümkün deyil... 
3. David Zenter... David və arvadı şəxsi təyyarələrində evlərinin üzərində səmada dövr eləyirdilər. Birdən onlar həyətlərinə girən naməlum kişini görürlər. Kişi özünü çox şübhəli aparır,  o yan-bu yana baxa-baxa Davidin həyətdəki qoşqusunu çıxarır, öz avtomobilinin arxasına bağlayır. Sonra da sürəti artırır və oradan uzaqlaşır. Amma, o, bilmir ki, David təyyarə ilə onu izləyir. 11 km sonra oğru dayanır. Elə bu zaman David polislə rabitə qurur, oğrunun ünvanını deyir. Tezliklə polis oğrunun başının üstünü alır və Davidin oğurlanan qoşqusu da özünə qaytarılır.

Demədi Demə

17:29 19.05.2020


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə