Başını təmir üçün paltaryuyana soxdu ilişib qaldı
Hər insan ömründə heç olmasa bir dəfə pişiyin çox xırda dəlikdən inanılmaz şəkildə keçib getdiyinin şahidi olub. Belə olanda adam düşünür ki, bu canlılar plastilindəndi, mayedəndi, belə asanca keçə bilirlər?! Təsəvvür edin, bir pişiyin ardınca ağlagəlməz yerlərdən keçməyə cəhd etmək olar ki?! Əlbəttə, yox! Birincisi, bu, absurd fikirdi. İkincisi, ilişib qalmaq, kiminsə sizi çəkib internetə qoymaq ehtimalı böyükdür... İnanmırsınız? Videoya keçək...
1. Zibil yeşiyi... Zibil yeşiyi deyəndə, orda hansı canlıyla qarşılaşacağınızı təsəvvür edirsiniz? Yenotlarla, siçovullarla, pişiklərlə, yoxsa qolf oynayan adamla? Mənə hələ də maraqlıdır ki, zibil yeşiyinin qolfla nə əlaqəsi var! Amma, fakt, faktlığında qalır. Bu adam başını zibil tökmək üçün qoyulan dəliyə soxub və başı orda ilişib qalıb. Bəlkə qolf topu ora düşüb, onu axtarır? Bilmirəm... Hər halda, heç kim onun yerində olmaq istəməz... Saatlarla bu vəziyyətdə qalan adamı oradan çıxarmaq üçün ətrafdakı insanlara bir qutu əl kremi lazım olub...
2. Uşaq yelləncəyi... Adından da göründüyü kimi, bu yelləncək uşaqlar üçün nəzərdə tutulub. Yəni, uşaqların boyuna və çəkisinə uyğun hazırlanıb. Öz toy günündə uşaq yelləncəyində ilişib qalan bəyin dramı isə çoxlarını düşündürüb. Görəsən, o, öz uşaqlığını yada salıb? Yoxsa, gəlindən qaçıb gizlənməyə cəhd edib? Hər iki halda da, o, qərarının cəzasını çəkib. Ətrafdakıların köməyilə xilas olan bəy xəsarət almayıb. Qüruru haqqında isə bunu demək elə də asan deyil...
3. Paltaryuyan maşın... 2016-cı ildə Çində baş verən hadisə uzun müddət sosial şəbəkələrin gündəmində olub. Elə bilməyin bu adam başını yumaq istəyir. O, xarab olan paltaryuyan maşını təmir etməyə çalışır... Zədələnən detalı tapmaq üçün başını barabanın içinə soxur və geri çıxara bilmir. Nəticədə, ailə üzvləri yanğınsöndürənləri köməyə çağırmaq məcburiyyətində qalırlar. Bir saatdan az vaxtda paltaryuyan maşını hissələrə ayıran yanğınsöndürənlər onu xilas edir. Təmirçiyə pul verməyə qıymayan qaqaş isə “Əli aşından da olur, Vəli aşından da...”
4. Uşaq oyun meydançası... Məncə, izaha ehtiyac yoxdur ki, bu meydançadakı bütün oyun vasitələri uşaqlar üçündür... Amma, uşaqlığa qayıtmaq üçün deyil... Bu videoya baxandan sonra sizə bir məsləhətim var: çıxa bilməyəcəyiniz yerə girməyin. “Hara girirsən axı? Hara girirsən?” Təəssüf ki, videonun qəhrəmanına bu sualı verən olmayıb. Yenə şükür, yanğınsöndürənlər gələnə kimi özü xilas ola bilir...
5. Basketbol səbəti... Elə yerlər var ki, orada hamı ilişib qala bilər. Söhbət basketbol səbətindən gedirsə, burda “hamı” sözünü işlətmək olmaz. Bu oğlan oyun zamanı topu səbətə atıb. Ardınca da sevincini akrobatik hərəkətlərlə ifadə etmək istəyir və işə bax ki, topun arxasınca səbətə özü yollanır... Top keçən yerdən keçə bilməyən, orda ilişib qalan oyunçuya görə oyun dayanır, oyunçularla birgə tamaşaçılar da onu xilas etmək üçün meydançaya axışır. Nərdivan gətirilir, hərə bir tərəfdən kömək edir və bu oyunçu əməlli-başlı oyunun qəhrəmanına çevrilir.
6. Stul... Edison Trend adlı bu qız ailəsiylə birgə “fast-food” restoranına gedir. Qəfil qərar verir ki, azyaşlı uşaqlar üçün nəzərdə tutulan stulda otursa, daha əyləncəli olar. Doğrudan da, həmin gün əyləncəli olur, amma, Edison üçün yox, ətrafdakılar üçün... Qız stulda ilişib qalır. Restoran işçiləri və müştərilər 45 dəqiqə onu xilas etmək üçün əlləşəndən sonra xilasedici çağırmağa məcbur olurlar. Xilasedicilər stulu hissələrə ayırandan sonra Edison xilas olur və söz verir ki, bir də uşaqlığına qayıtmağa cəhd etməyəcək...
7. Ağac... Xilasedicilər tez-tez ağaca dırmaşıb orada qalan pişikləri düşürmək məcburiyyətində qalırlar. Bir gün isə xilasedicilərə həyəcanlanan ana zəng vurur və 6 yaşlı oğlunun 15 metrlik ağacın başında qaldığını deyir. 23 illik iş stajına malik olan xilasedicinin sözlərinə görə, o, ilk dəfə ağacdan pişik yox, uşaq düşürüb.
S/T: Bu bir az qəribə göründü, çünki, kənd uşaqları ağacları budaq-budaq gəzir, qayalarda dizləri sıyrılır. Və onlar bir göz qırpımında ağaca dırmaşıb-düşür. Yəqin ki, bu uşaq bütün həmyaşıdları kimi macəra axtarışında olub, üzüyuxarı dırmaşa-dırmaşa ağacın ən uc budağına çatanda anlayıb ki, çox yuxarıdadı. Təbii ki, uşağın qorxusu anlaşılandı. Amma yetkin bir insanın avtomobil kəmərində ilişib qalması... Bax, bu, qəribə haldı...
8. Təhlükəsizlik kəməri. Təhlükəsizlik kəməri qəza zamanı insanların xəsarət almasının qarşısını almaqçün nəzərdə tutulub. Bu qadın üçünsə, əksinə, təhlükəsizlik kəməri təhlükəyə dönüb. Söhbət ondan gedir ki, o, təhlükəsizlik kəmərini düzgün bağlamayıb, necə edibsə, dolaşdıra bilib. Xeyli əziyyətdən sonra yanındakılar onu xilas edib. Və qadın özünə söz verib ki, təhlükəsizlik kəmərini bağlamağı öyrənəcək... Nə deyək, öyrənmək yaşa baxmır...
17:10 23.08.2022
12:59 04.08.2021
10:09 04.08.2021
08:57 04.08.2021
15:17 30.07.2021
14:55 30.07.2021
12:26 29.07.2021
11:31 29.07.2021
16:38 27.07.2021
14:33 27.07.2021
17:35 26.07.2021
17:17 26.07.2021
14:09 26.07.2021
17:01 22.07.2021
10:56 22.07.2021
Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə