37 il günahsız yerə zindada yatdı - Hakim üzr istəyib ağladı

433 baxış

37 il günahsız yerə zindada yatdı  - Hakim üzr istəyib ağladı

İnsanın azadlığını əlindən almaq bəlkə də ona verilən ən böyük cəzadır. Amma, bundan da pis hadisə baş verə bilər... Məsələn; günahsız yerə illərlə həbs olunmaq, günahkar olmadığına kimsənin inanmaması... 
Bu gün sizə bu insanların  kədərli taleyindən danışacağam. 

Riki Cekson. 20 yaşlı Ricky Jackson 1975-ci ildə Harold Frenks`i öldürməklə suçlanıb.  13 yaşlı bir uşağın şahidliyilə polis tərəfindən həbs olunan Ricky edam cəzası alır.  Sonra edam cəzası ləğv olunur və Ricky bu dəfə də ömürlük həbsə məhkum edilir. Qərardan 39 il sonra artıq 52 yaşı olan  yeganə şahid yenidən ifadə verir. Və bu dəfə o, hücum edəni görmədiyini, polisin ailəsini təhdid etdiyinə görə yalan ifadə verdiyini  boynuna alır. Bu etirafdan sonra Ricky Jackson 59 yaşında azadlığa buraxılır. O həbsdəykən anası, qardaşı və bacısı artıq ölmüşdü. Yerdə qalan ailə üzvlərinə azad olmasını telefonla xəbər verən Ricky`nin: “Artıq bitdi! Bitdi!” sözləri çoxlarını kövrəltdi.  Çünki, bu “bitdi” sözü onun gənclik xəyallarına da aid idi. 
Jonatan Fleming. 1989-cu ildə dostu Daniel Rush`un Brooklyn`də silahla öldürülməsinə görə məsuliyyətə cəlb edilib.  Sonra cinayət baş verən günü Floridada tətildə olduğu sübut edilib və o, 2014-cü ildə azadlığa buraxılıb. Fleming`in vəkillərinin dediyinə görə, məhkəmə prokuroru onun Floridada olduğunu göstərən telefon çeklərini və şəkilləri qəsdən gözardı edib. Prokuror isə işin tələsik bağlandığını deyərək özünə bəraət axtarıb. 25 il həbsdən sonra azadlığa çıxan 53 yaşlı Jonathan Fleming`ə Nyu-York əyaləti 6.25 mln dollar  təzminat ödəyəcəyini açıqlayıb… 
Devid Ranta. O, 1991-ci ildə Nyu-Yorkda öldürülən haham Resberger`in qatili kimi yaxalanıb və 37 il 6 ay həbsə məhkum edilib. Amma, 23 il sonra  cinayətin şahidi olan bir nəfər ortaya çıxıb və polisə yeni ifadə verib. Beləcə, Ranta`nın günahsız olduğu məlum olub.  David`i azadlığa buraxan hakimin göz yaşları içərisində dediyi sözlər uzun müddət mətbuatın gündəmində qaldı. Hakim ağalayaraq deyib: “Cənab Ranta, hər nə qədər sizinçün mənasız olsa da, demək istəyirəm ki, çox üzgünəm…” Həbsdən çıxdığı gün jurnalistlərin biri 58 yaşlı Ranta`ya deyir: “İlk olaraq  nə etmək niyyətindəsiniz?” Ranta`nın cavabı bu idi: “Rədd olun!”  Sonra isə üzməyə getmək istədiyini söyləyir… 
Ronald Kotton.  Məhkəmə ekspertizası tərəfindən “məntiqsiz” deyə  adlandırılan hadisə  1984-cü ildə baş verib.  Otağında yatan 22 yaşlı Jennifer boğazına dirənən bıçağın soyuqluğuyla yuxudan oyanır, başının üstündə üzü maskalı bir kişi görür. Kişi bıçağı onun boğazına daha bərk dirəyərək səsini çıxarsa öldürəcəyini deyir və Jenniferə təcavüz edir. Sonra təcavüzçü evdəki qiymətli əşyaları torbasına yığmağa başlayır. Jennifer özünü toplayıb arxa qapıdan qaçır və  başına gələnləri polisə xəbər verir. Ertəsi gün ona şüşə arxasından yan-yana düzülən adamları göstərirlər. Jennifer tərəddüd etmədən barmağıyla Afrika kökənli Ronald Cotton`u göstərir. Beləcə, hər nə qədər “məsumam” desə də, 1985-ci ildə Ronald məhkəməyə çıxarılır və günahkar hesab edilərək həbsə atılır. Sonrakı il Jenniferlə eyni gecədə təcavüzə uğrayan başqa bir qadının şikayəti əsasında Ronald təzədən məhkəməyə çıxarılır. Bu dəfə də günahkar sayılır və cəzası artılır. O, ömür boyu həbsə  məhkum edilir.  Aradan illər keçir... 1995-ci ildə  DNT analizləri cinayətlərin açılmasında tətbiq edilməyə başlayır. Bunu eşidən Ronald DNT testi tələb edir. Test zamanı məlum olur ki, sən demə, Ronald günahsızdı... Beləcə, o, bəraət alır və azadlığa buraxılır. Xəbəri eşidən Jennifer çox təəccüblənir və özünü bağışlaya bilmir. 1997-ci ildə Ronald`la görüşə gəlir. Həmin  hadisəni Jennifer belə anladır: “Ronald görüşə xanımıyla gəlmişdi. Onu görəndə titrəməyə və ağlamağa başladım. O isə həlim səslə dedi: “Səni bağışlayıram.” Bu qədər xeyirxah və böyük ürəkli insan  cinayət işləyə bilməzdi... Mən səhv etmişdim...” 
Laurens MacKenni. 1977-ci ildə bir qadın öz evində  iki kişi tərəfindən təcavüzə uğrayır.  Yerli polis işi tez bağlamaq üçün  yeganə variantla işləyir. Bu yeganə variantda iki  kişidən biri 22 yaşlı Laurens MacKenni olmalıydı. Məhkəmədə jüri əldə olunan tələsik dəlillərlə Lawrenc`i günahkar hesab edir və o, 115 il həbsə məhkum olunur.  30 il sonra- 2008-ci ilin avqust ayında işə təkrar baxılır. Qurbanın dəlil kimi saxlanılan yataq dəstində tapılan 3 fərqli DNT nümunəsi ilə Lawrenc`in DNT-si qarşılaşdırılır. Məlum olur ki, Lawrence McKinney günahsızdır. 2009-cu ildə azadlığa çıxan Laurens həbsdə qaldığı müddəti bu cür hesabladı: 31 il 9 ay 18 gün 12 saat... Həbsxananın qapısında ona 75 dollarlıq çek verilir. Amma, o, bu çeki nəğdləşdirmək üçün düz 3 ay gözləməli olur. Çünki,  30 illik həbsdən sonra əlində kimliyi yox idi...

Demədi Demə

17:51 13.05.2020


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə