Serb əsilli Amerika alimi Nikola Tesla elektrik və elektromaqnetizmə olan anadangəlmə istedadı ilə həm yaşadığı dövrdəki elmə, həm də gündəlik həyatımıza damğasını vurub. Teslanın bir çox icad və inkişaf etdirdiyi prinsiplər indi də istifadə edilməkdədir.
“İndiki zaman onların ola bilər, amma uğrunda çalışdığım gələcək mənimdir”. – Tesla
1856-cı il iyulun 10-da Avstriya İmperiyasının Smiljan qəsəbəsində dünyaya gələn Teslanın təhsil həyatı təbəddülatlı keçib. Keşiş olan və oğlunun da keşiş olmağını istəyən atasının əksinə gedərək Avstriya İmperiyasındakı müxtəlif şəhərlərdə məktəbə gedib, müxtəlif universitetlərdə dərs alıb, işlərdə çalışıb. Bu illərdə əldə etdiyi texniki biliklər və iş təcrübəsi gələcəkdə karyerasına və ən əsası, xəyallarına yön verəcəkdi. Alternativ axım 1884-cü ildə Nyu Yorka köçən və araşdırmalarına burada davam edən Nikola Tesla Tomas Edisonla əməkdaşlıq etməyə başlayıb, lakin Edisonun Teslanın alternativ axım sistemlərinə aid kəşflərilə tam razılaşmadığı üçün iki alim yollarını ayırıb. Edison maddi səbəblərdən dolayı öz kəşfi birbaşa axım sisteminin dəyişməsini istəmirdi.
Çox keçmədi ki, yeni çeşiddə elektrik motorları və generatorlar üzərində işləyən Tesla alternativ axım sistemini inkişaf etdirdi. Onun üsulu ilə elektrik enerjisi birbaşa axından daha sürətli başa gəlir, yüksək voltajlı olur, uzaq məsəfəyə daha tez və ucuz daşınırdı.
Sonralar Tesla inkişaf etdirdiyi alternativ axımın patentini 1885-ci ildə Corc Uestinqousa satdı. Zamanla alternativ axımın ucuz, keyfiyyətli, etibarlı üsul olduğu bütün dünyaya məlum oldu. Bu sistemlə Tesla dünyanın ən varlı adamı ola bilərdi. İstehsal edilən enerjiyə görə hissə alan Teslanın gəliri o qədər böyüdü ki,” Westinghouse Electric Company” bu borc səbəbi ilə 1907-ci ildə iflas həddinə gəldi. Corc Uestinqous sonralar nəql edir ki, bu məsələni həll etmək üçün Tesla ilə danışanda, o, müqaviləni cırıb və borclarını silib.
Daha sonra Tesla araşdırmalarını naqilsiz enerjiyə fokusladı. İlk dəfə 1891-ci ildə patentini aldığı “Tesla bobini” ilə qısa məsəfayə naqilsiz enerji ötürməyi bacardı. Əslində yüksəldici transformator olan Tesla bobini ilə həddən artıq yüksək gərginlik əldə etmək mümkün idi.
O dövrlərdə radio dalğalar və uzaq məsəfələrə ötürülməsi aktual mövzu idi. Tesla da bununla maraqlanırdı. 1893-cü ildə, Quqliemo Markoninin icadından iki il əvvəl Tesla kifayət qədər texnika və elmi məlumatlarla radio dalğaları ilə əlaqə mövzusuna diqqət yetirdi, lakin əldə etdiyi nəticələrlə xəbərləşməyə deyil, elektrikin naqilsiz ötürülməsinə yönəlmişdi.
1901-ci ildə karyerasının ən böyük uğursuzluğu olan Vardenklayf qülləsinin inşasına başlayıb. Teslanın məqsədi Nyu Yorkdakı qüllədən İngiltərəyə və Atlantik okeandakı gəmilərə teleqraf, səs, hətta görüntü və elektrik ötürmək idi. Tesla bu layihə üçün məşhur biznesmen Çarlz Morqanı qismən razı salmağı bacarıb. Lakin dayanmadan artan xərclər, Markoninin teleqrafı daha ucuza göndərə bilməsi, Teslanın zamanla etibarını itirmsəsi səbəbi ilə layihə yarıda qalıb.
Tesla internetin ibtidai versiyası sayılan, tamamlansa dünyanı yüz il irəli aparacaq layihəsinə çox güvənirdi, lakin əvəzində Vardenklayf qülləsinin sökülüb artıqlarının borclarının əvəzinə verilməsinə boyun əyməli olub.
Tanınmış ixtiraçı 1943-cü il yanvarın 7-sində bir müddətdir tək yaşadığı “Nyu Yorker” otelindəki otağında, 87 yaşında vəfat edib. Ardınca hələ də istifadə edilən icadlar, sistemlər və prinsiplər qoyub. Məsələn, bu yazını oxuduğunuz ekranı, enerjisini, təməlini Teslanın sxemləşdirdiyi modern elektrik enerjisi istehsalı və paylama sistemləri təşkil edir. Yüzlərlə icadı ilə XX əsrə yön verən bu dahi elm adamının şərəfinə ölümündən 17 il sonra beynəlxalq vahidlər sistemində maqnetik induksiya ölçü vahidinə “Tesla” adı verilib.
kayzen.az
17:10 23.08.2022
12:59 04.08.2021
10:09 04.08.2021
08:57 04.08.2021
15:17 30.07.2021
14:55 30.07.2021
12:26 29.07.2021
11:31 29.07.2021
16:38 27.07.2021
14:33 27.07.2021
17:35 26.07.2021
17:17 26.07.2021
14:09 26.07.2021
17:01 22.07.2021
10:56 22.07.2021
Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə