Adətən, qəpiklər dəyər baxımından bəxti gətirməyən pul vahidi hesab olunur. “Qəpik-quruş” deyib gözdən saldığımız bu pulların üst-üstə yığılanda əsl var-dövlət olacağı, bəlkə də, ağlımıza gəlməz. Amma, ABŞ-da yaşayan bir adam bunu fikirləşib. O, düz 45 il qəpik yığıb. Yığdığı qəpikləri üzə çıxaranda isə hamı heyrətə düşüb...
Otha Anders 1970-ci illərin ortalarında belə qərara gəlir ki, əlinə düşən qəpikləri yığsın. Bir şüşəyə yerdən tapdığı qəpiyi atır. Ondan sonra hər axşam evə girəndə cibindəki bütün qəpikləri bu şüşəyə boşaldır. Onun bu hərəkəti ətrafındakı insanlarda gülüş doğursa da, Otha eyninə almayıb. Qəpiklərini yığmağa davam edib.
S/T: İştirak etdiyi televiziya verilişlərindən birində Otha deyib: “Bir qəpiyin də dəyəri var. Bu dəyəri bilməyən insanları görəndə əsəbiləşirəm”.
Elə ki, kiçik şüşələr dolub, Otha qəpik kassası kimi su bidonlarından istifadə etməyə başlayıb. 2015-ci ildə Otha evinin sığorta pulunu qəpiklərlə ödəməyə qərar verir. 15 su bidonunu qohumlarının köməyilə avtomobilinə yükləyir, banka yollanır. Bank əməkdaşları bidonları görəndə məəttəl qalırlar... Tərəziyə qoyanda məlum olur ki, qəpiklərin toplam ağırlığı 1200 kq-dır. Bank əməkdaşlarından heç kim qəpikləri saymağı boynuna götürmür. Rəhbərlik, məcbur qalıb, avtomatik qəpiksayma maşınını işə salır. Yüksək sürətə malik bu texnologiya 1200 kq-lıq qəpikləri 5 saata ancaq saya bilir.
Sonunda məlum olur ki, Otha 45 ilə, yəni, 16 min 425 günə tam olaraq 513 min 614 dollar toplayıb. Bu da onun, orta hesabla, günə 31 penny yığdığı anlamına gəlir.
Evin sığorta pulunu ödəyən Otha təəssüflənərək bildirib ki, “məcbur qalmasaydım, hələ çox pul yığacaqdım”.
Bu adamın hekayəsi bir çoxumuza ibrət dərsi ola bilər. Əlinizə keçən bir qəpiyin də qədrini bilsəniz, “buna nə düşür ki?!”-deyib keçməsəniz, gələcəkdə böyük pullara sahib ola bilərsiniz. Nə də olsa, unutmayın ki, böyük hədəflərə doğru kiçik addımlarla gedilir.
17:10 23.08.2022
12:59 04.08.2021
10:09 04.08.2021
08:57 04.08.2021
15:17 30.07.2021
14:55 30.07.2021
12:26 29.07.2021
11:31 29.07.2021
16:38 27.07.2021
14:33 27.07.2021
17:35 26.07.2021
17:17 26.07.2021
14:09 26.07.2021
17:01 22.07.2021
10:56 22.07.2021
Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə