Bir anda milyonçu olan 5 nəfər - Görün, nə tapdılar

655 baxış

Kənddə bir evin altında xəzinə var. Quyunun dibində Bizans qızılları basdırılıb. 
    Bu ümidlə xəzinə axtarışına çıxanlar az olmayıb. Bir düşünün, həqiqətən, xəzinə tapsaydınız nə olardı?  Cavablarınızı rəylərdə yazarsınız. Mənsə, bu gün sizə xəzinə tapanlardan danışacağam. 
5. Pul divarı. ABŞ-ın Pensilvaniya ştatında bir mülk vardı. Qədimdə bu mülk varlı və simic bir ailəyə məxsus olub. Uzun müddət sonra ev hərrac yoluyla ucuz qiymətə satılır.  Yeni sahibi evə köçməzdən qabaq  araşdırma aparır. Ətrafda yaşayan insanların söylədiyi qəribə əhvalatları o da eşitmişdi. Xəsis qocaların pullarını divara hördükləri şəhər əfsanəsi kimi söylənilirdi.  Evin yeni sahibi dəfinə ovçusu ilə birlikdə evi diqqətlə gözdən keçirir. Yuxarı mərtəbədəki otaqların divarını taqqıldatdıqda fərqli səs  eşidilir. Onlar divarda kiçik dəlik açır və pullar şəlalə kimi axıb döşəməyə tökülür. Saydıqdan sonra məlum olur ki, divarda 8500 dollar gizlədilib. Sizə elə-belə gəlməsin ha! Bu pullar 1793-1857-ci illərə aiddir. Müasir dövrdə əntiq sayılır və dəyəri indiki 200 min dollara bərabərdir. 

4. Qara opal. Avstraliyada yaşayan Bobbi  kasıb idi. Sonuncu pulunu verib yaxın dostundan qazma alətləri alır. Mədənə yollanır. Bir vedrə rəngli daşlar çıxarıb evinə qayıdır. Daşları incələməyə başlayanda biri diqqətini çəkir. Yaxşı-yaxşı təmizlədiyi daşı ovcunda gün işığına tərəf tutanda gözlərinə inana bilmir. Əlində tutduğu 306 karatlıq qara opal  idi. Bu daşlar dünyada çox nadir tapılır və olduqca bahalıdır. Rəngi tam olaraq qara deyil, əlvandır. Amma, ona qara opal demək, daşın mistikasını daha da artırır. Bobbinin tapdığı opal ölçüsünə görə  təkdir. Buna görə də daşın adına “Kraliyyət opalı” deyilir.  Dəyəri 3 milyard dollardır. Bobbi daşı bir zinət əşyaları mağazasına sataraq bir günün içində milyarder olub. 

3. Saf qızıl. İngiltərədə yaşayan Con Bekvud bir gün bağçasında çəkicini itirir. Tapmaq üçün dostundan metal detektoru alır. Otluqda qəfildən alət siqnal verməyə başlayır. Con çəkicini tapdığını düşünür. Lakin, otluqda heç nə tapmır. Başlayır həmin yeri qazmağa. Əvvəlcə irili-xırdalı qızıl parçaları tapır. Getdikcə daha böyük ölçüdə qızılla rastlaşır. Tapdığı ən böyük qızıl parçası 6 kq ağırlığında olur. 300 min dollar dəyərindəki bu qızıl Conu varlandırır. 

2. İmperatorluq yumurtası. ABŞ-da  bir adam ikinci əl əşyaların satıldığı bazarda  alver etməklə dolanırdı. Bir gün bazardan 14 min dollara qızıl üzlük çəkilən, daş-qaşlarla bəzədilən yumurta alır. Üstünə 3-5 min qoyub satmağı fikirləşir. Sonra fikrindən daşınır və yumurtanı başı çıxan bir adama göstərməyi düşünür. Sən demə, yumurta Rusiya imperatorunun saray zərgəri tərəfindən  19-cu əsrdə hazırlanıb. Və o zaman hazırlanan 50  qızıl pasxa yumurtasından biridi. Çar Rusiyası devrildikdən sonra yumurtalar bolşeviklər tərəfindən ələ keçirilir. Bir hissəsi satılır. İllər sonra  şəxsi kolleksiyalarda yer alan 42 dənəsi tapılsa da  8-i  itmiş sayılırdı. Sən demə, ikinci əl əşyalar bazarında satışa çıxarılan bu yumurta itənlər siyahısında olub. Yumurtanın dəyəri 33 milyon dollar hesablanıb.  Sonunda milyonlar olandan sonra kim xərclədiyi 14 minə heyfsilənər ki?!

1. Qaya parçası. Peruda, dəniz kənarında bir balıqçı hər gün balıq ovuna çıxır. Sonra da tutduğu balıqları gətirib restorana satır. Bir gün alış-verişini bitirib qapıdan çıxmaq istəyəndə restoranın meneceri onu saxlayır. Vedrəsinin dibindəki daşı satıb-satmadığını soruşur. Balıqçı təəccüblənir. Çünki, görünüşünü xoşlayıb vedrəsinə atdığı bu daşın pula gedəcəyini ağlına da gətirmirdi. Sən demə, bu,  daşa oxşasa da,  Pyura Chilensis  adlı nadir rast gəlinən  dəniz canlısı imiş. Adının mənası “yaşayan qaya” deməkdir. İçini açanda parıldayan, narıncı rəngli ətini görmək olur. Kiçik bir parçası belə lüks restoranlarda baha qiymətə servis edilir. Restoran meneceri bu daş parçası üçün balıqçıya 700 dollar verir.  Beləcə, balıqçı iki ayda qazandığı pulu bir günə “daşdan çıxarır”. 

    Qarşınıza nə çıxacağı, necə çıxacağı məlum deyil. Amma, çalışın,  gözüaçıq olun.

Demədi Demə

10:22 02.12.2019


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə