İnanılmaz! - 2 milyon ton palçığı töküb yerdə cənnət yaratdılar

528 baxış

Adəmlə Həvvanın yaşadığı Cənnət bağçasını görmək elə onların övladları Habillə Qabilin də arzusu olub.  Bu arzu heç vaxt köhnəlməyib. Tarixin müxtəlif dövrlərində “Ədən bağı”nın axtarışına çıxanlar ya dahi adlandırılıb, ya da dəli... Semiramidanın asma bağlarından, Süleymanın quşlarla söhbət etdiyi bağçasından tutmuş Məlikməmmədin qorumağa çalışdığı ölümsüzlük almasına qədər  hamısı “Ədən bağı”nın insan təxəyyülündəki obrazı idi. Amma, elə bilməyin ki, köhnəlməyən arzunun arxasınca gedənlər müasir dövrümüzdə yoxdur. Var... Bizim əsrimizin “Ədən bağı” tamamilə  insan istehsalıdır.   

Tim Smith 1987-ci ildə öz dostu ilə birgə Cornwall bölgəsində peyzaj mühəndisliyi ilə məşğul idi. O, burdakı köhnə bağların bərpa işlərində iştirak edirdi. Elə o vaxtdan “Ədən layihəsi” ilə bağlı xəyallar qurur. Bu məqsədlə Cornwall bölgəsindən 2 milyon tona yaxın palçığın seçdiyi ərazilərə tökülməsinə nail olur. Cənnət bağçasının inşasına 1995-ci ildə başlanılır. 2000-ci ildə isə ziyarətçilər üçün açıq elan olunur. 
Smith`in əsas məqsədi elə bir bağça yaratmaq idi ki,  orada dünyanın   müxtəlif  yerlərindən gətirilən bitkiləri əkib-becərə bilsin. Gələn ziyarətçilər, ən azından, burada keçirdikləri vaxta heyfsilənməsinlər.  
 Kosmik dövr görünüşə malik bu bağça ən müasir texnologiya ilə təchiz olunub. Yeni cənnət planetimizdəki ən böyük istixanadır.  Altıbucaqlı qəfəslər arı pətəklərindən ilhamlanaraq inşa olunub.  İnşa prosesində minimum xammaldan istifadə edilməsinə ciddi nəzarət edilib. 
 Sehrli xarici görünüşə malik istixananın içərisi möcüzələrlə doludur.  Burda dünyanın hər yerindən xüsusi  olaraq seçilib gətirilən 4500 bitki növü var. Bu bitkilərə ixtisaslı  aqronomlar qulluq edir.  İlk 3 ayda “Cənnət bağçası”nı  1 milyondan artıq  insan ziyarət edib. Və onlar həyəcanla buranı çox sevdiklərini söyləyiblər. 
 Tim Smith`in sözlərinə görə, layihə hələ sona çatmayıb. Genişləndirilməsi davam edir. 
 Mövsümlər dəyişdikcə ziyarətçilər burada müxtəlif ekzotik meyvə və tərəvəzlərlə  rastlaşa bilərlər. 
 “Ədən bağı”nda hər bitkinin öz landşaftına uyğun həşəratları və bu həşəratların sayını nizamlamaq üçün  müxtəlif heyvan və quşlar da var. 
İnşasına 1,9 milyard funt-sterlinq xərclənən “Ədən bağı”nı indiyədək 19 milyondan çox insan ziyarət edib. 
Smith gələcəkdə hər materikdə bu cür bağ salmağı planlaşdırdığını deyir.  Bildirdiyinə görə, növbəti “Ədən bağı” 2025-ci ildə  Çində ziyarətçilərin üzünə açılacaq.

Demədi Demə

10:52 22.11.2019


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə