Ayaqüstə düşmək pişiyin anadangəlmə qabiliyyətidir. Pişik yuxarıdan hansı vəziyyətdə düşsə də, yerə çatanda ayaqları üstə dayanır. Ayaqları üstə düşmək refleksi pişiklərdə 3-4 həftəlik olanda başlayır. 6-7 həftəsində isə möhkəmlənir. Bəs bunun sirri nədədir?
Belə bir mükəmməl eniş etmək üçün pişiyin uyğun fiziki quruluşu var. Belə ki, onun onurğa fəqərələri çox hərəkətlidir. Körpücük sümüyünün olmaması isə ona havada çevrilmək imkanı verir.
Pişiyə 1800C çevrilmək üçün lazım olan minimal hündürlük 30 sm-dir. Son elmi tədqiqatlar nəticəsində alimlər müəyyən edib ki, pişiyin havada çevrilməsində quyruğunun rolu haqqında əvvəllər geniş yayılan inanclar yersizdir. Quyruqsuz pişiklər də həmin qabiliyyətə malikdir. Belə ki, aşkar edilən yeni faktlara görə pişiklər havada çevrilmək üçün idarəedici kimi quyruqlarından yox, ayaqlarından istifadə edirlər.
Tarazlıq üçün cavabdeh olan daxili qulaqdakı vestübilyar aparat pişiklərdə yaxşı inkişaf edib. Bundan əlavə, düşmə zamanı pişikdə qolların yana doğru açılması baş verir. Bu təhlükəsizlik tədbiri “paraşüt effekti” yaradır.
Kiçik hündürlüklərdən, məsələn uşağın əlindən düşmə zamanı çevrilmə tam baş verməyə bilər. Bunun üçün pişiyin zamanı olmur. Və belə olanda o, xəsarət ala bilər.
Yeni araşdırmalar həm də onu göstərir ki, böyük hündürlüklərdən düşərkən pişiklər ayaqları üstünə yox, qarınları üstünə düşür. Beləliklə də, pişiklərdə yüksəklik sindromu yaranır. Bunu ilk dəfə 1976-cı ildə Nyu-Yorklu baytar həkim Gordon Robinson müəyyən edib. Bu sindroma görə pişik nə qədər yüksəkdən atılırsa, o qədər az xəsarət alır. Məsələn, 15-ci mərtəbədən atılan pişik 2-ci mərtəbədən atılan həmcinsinə nisbətən daha təhlükəsiz eniş edir.
Əgər yüksəkliklərdən düşmək prosesinin daha dəqiq izahını versək, 1-2-ci mərtəbədən düşdükdə pişik heç bir xəsarət almaya bilər. 3-cü mərtəbədən düşdükdə isə çənəsini, başını zədələyə bilir. Belə ki, qabaq ayaqları ilə düşdükdə ayaqlar və bədən dayansa da, inersiyanın təsiri ilə baş hərəkət etməkdə davam edir. 4-cü mərtəbədən düşdükdə pişiyin bütün bədənində xəsarətlər yaranır. Çünki, düşmə sürətinin artması ilə arxa pəncələr zərbəni azalda bilmir. Nəticədə, qaraciyər, diafraqma parçalanması, həmçinin, müxtəlif daxili orqanların zədələnməsi baş verir. 5-7-ci mərtəbədən düşmə bir qayda olaraq ölümlə yekunlaşır. Ancaq, 7 və ondan yuxarı mərtəbələrdə hər şey tərsinə baş verir. Belə ki, bu cür düşüşdə pişik, nəinki, sakitləşə bilir, həmçinin, düzgün uçuş vəziyyəti alır. O, pəncələrini yanlara uzadır və havada süzür. Sonda isə dörd ayağı üstə yerə düşür.
Hətta, riyaziyyatçı Riçard Montqomeri “düşən pişiyin məsələsi” adlı nəzəriyyə də irəli sürüb. Pişiyin hansı hündürlükdən düşməyindən asılı olmayaraq onun eniş sürəti saatda 100 km-i keçmir. Buna isə böyük olmayan həcmi, yüngül sümükləri və dərisi, həmçinin, havada “paraşüt effekti” yaratma qabiliyyəti səbəb olur. Misal üçün, insan maksimal dərəcədə düşməyə müavimət göstərdiyində belə onun eniş sürəti 210 km/ saat olur.
17:10 23.08.2022
12:59 04.08.2021
10:09 04.08.2021
08:57 04.08.2021
15:17 30.07.2021
14:55 30.07.2021
12:26 29.07.2021
11:31 29.07.2021
16:38 27.07.2021
14:33 27.07.2021
17:35 26.07.2021
17:17 26.07.2021
14:09 26.07.2021
17:01 22.07.2021
10:56 22.07.2021
Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə