47 il yalan dedilər, aya heç kim getməyib?

468 baxış

Həqiqətən, Aya gediblərmi? 

 1969-1972-ci illər arasında insanlar Aya 6 dəfə uçub. Həmin vaxt 12 nəfərin Ayda gəzmək şansı olub. Düzdür, 47 il öncə baş verən bu hadisələrin  həqiqət olduğu barədə  bütün astronomlar və müxtəlif ölkələrin kosmik agentlikləri eyni fikirdədir. Yenə də Yer sakinlərinin çoxu Aya eniş söyləntilərinin yalan olduğu qənaətindədir. Hər beş amerikalıdan biri və hər dörd rusdan biri Aya heç gedilmədiyinə inanır. 

2001-ci ildə Fox kanalı bir sənədli film çəkdi. Bu filmdə deyilirdi ki, insanlar indiyədək Aya heç getməyib. Bəs, bu fikir doğrudurmu? Həqiqətən, Aya gediblərmi? Bu suallara cavabı birgə axtaraq. 

 NASA-nın Aya enmə proqramı Apollo adlanırdı. O vaxt proqramın büdcəsi 24 milyard dollar, bu günün puluyla 150 milyard dollar idi. 400 min nəfər bu proqramda iş başındaydı. 20 minə qədər şirkət və araşdırma mərkəzi proqramın dəstəkçisiydi. Məlumdur ki, bir yalanı gizləmək üçün ağzıbütöv insanların birliyi lazımdır və bu insanların sayı nə qədər az olsa, sirr o qədər güvəndə olar.  Aya heç gedilmədiyi qənaətində olan insanların iddiası doğrudursa, burda yeni bir sual yaranır. Necə oldu ki, 400 min nəfərdən heç biri 47 il ərzində Apollo proqramının uydurma olduğunu söyləmədi? Əgər onların bu uydurmadan xəbəri yoxdursa, necə oldu ki, bu qədər adam və şirkət susaraq aldandı? Təbii ki, iddiaçıların cavab verməli olduğu sual təkcə bunlar deyil. 


 Apollo proqramının missiyaları ABŞ-ın bu sahədəki ən güclü rəqibi SSRİ tərəfindən kədərlə seyr edildi. Əgər Aya gedilmədisə, onda SSRİ və proqramı izləyən digər ölkələr necə aldadıldı? Ya da bu ölkələr niyə  ABŞ-ın böyük yalanını ifşa etməyə çalışmadılar?


 Ən əsası, Aya enişin həqiqət olduğunun sübutlarını bu gün də görmək mümkündür. Lunar Reconnaissance Orbiter kimi Aya göndərilən peyklər vasitəsilə çəkilən şəkillər bu sübutlardan bir neçəsidir. Həmin şəkillərdə Aya enmə nöqtələrini, orda qalan təchizatı, hətta, astronavtların ayaq izlərini də görmək mümkündür. Uçuş zamanı düşən Apollo-11-in bayrağından başqa, Aya sancılan bütün bayraqlar da şəkillərdə görünür. Üstəlik, bu şəkillərin bir çoxu NASA-nın deyil, Yaponiya (SELENE peyki), Avropa Birliyi (SMART-1 peyki), Hindistan (Chandrayaan-1 peyki) və Çin ( Chang`e-2 peyki)  kimi bitərəf ölkələrin peykləri vasitəsilə çəkilib. 

 Aya gedildiyinin daha bir sübutu da oraya yerləşdirilən əksetdirici güzgülərdir. Həmin əksetdiricələrə göndərilən lazer işıqlarının gediş-dönüş vaxtı sayəsində Aya olan uzaqlığı həssas ölçülərlə hesablamaq mümkündür. Bir çox müstəqil araşdırma mərkəzi də həmin əksetdiricilərə lazer işıqları göndərib. 

 Sübut kimi Aydan gətirilən 380 kq-lıq Ay daşlarını da göstərmək olar. Bu daşlar kimyəvi tərkibləri və özlərinə məxsus geometrik  ölçüləri ilə Yer daşlarından, həmçinin,  meteoridlərdən çox asanlıqla fərqlənir. Daşlarda vakuum şəraitindəki çarpışmanın izləri var. Üstəlik, onlar Yerdəki ən qədim daşdan belə 200 milyon il daha  yaşlıdır. Ay daşları yüzlərlə fərqli qurum və mərkəz tərəfindən araşdırıldı. Alınan nəticələrdə araşdırmaçıların hamısı eyni fikirdə idi; bu daşlar Aydan gəlib. Əksini iddia edən bir elm adamı yoxdur.  Əgər Aya gedilmədisə, bu daşlar hardan gəlib? 
 Bu məlumatlar sayəsində Aya gedilməyin yalan olduğunu iddia etmək çətin olmalıdır. Bəs, Fox`un sənədli filmində yer alan, Ay görüntülərinin bir studiyada çəkildiyini göstərən “sübutlar” haqda nə demək olar? Bir az da bu barədə düşünək.

Demədi Demə

16:48 23.09.2019


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə