Abdominal divar yırtıqları: diaqnostika, klinika və müalicə.
GİRİŞ — Ventral (abdominal divar) yırtıqlar abdominal divarda olan defektlər səbəbindən yaranır. Onların adətən etiologiya və lokalizasiya əsasında təsnifatı aparılır. Ventral yırtıqlar əvvəlki cərrahi müdaxilədən sonra (cərrahi yara yırtıqları) sonra baş verə bilər və ya spontan (göbək, epiqastrik, Spiqel xətti və ya lumbar yırtıqlar) yarana bilər.
INQVINAL (QASIQ), FEMORAL, və PARASTOMAL YIRTIQLAR — Inqvinal və femoral yırtıqlar abdominal divarın ən çox yayılmış yırtıqlarıdır. Stoması (kolostoma, ileostoma) olan xəstələr isə stomal yırtıqların yaranması baxımından risk altında olur. Aşağıda təsvir edilən yırtıqlar isə daha az hallarda müşahidə edilir. İnqvinal (qasıq), femoral və parastomal yırtıqlar digər məqaləmizdə müzakirə edilir.
CƏRRAHİ KƏSİK YIRTIQLARI — Cərrahi kəsik yırtıqları, adından göründüyü kimi, əvvəllər aparılmış abdominal cərrahi müdaxilə üçün edilmiş cərrahi kəsiyin zonasında yaranır. Yırtıqlar əsasən laporatomiyadan sonra fassiya toxumalarının sağalmaması və bağlanmaması səbəbindən baş verir.
Etiologiya — Yaranın təbii sağalması prosesini ləngidən və ya qarşısını alan hər hansı bir vəziyyət cərrahi yara kəsiyinin yırtığına səbəb ola bilər. Bu cür vəziyyətlərə infeksiya, köklük, siqaret çəkmə, müxtəlif dərman preparatları, o cümlədən, immunsupressiv dərmanlar, yarada artıq dartınma, zəif qidalanma, yaranın bağlanması texnikasının düzgün tətbiq edilməməsi və birləşdirici toxuma xəstəlikləri daxildir. Təxirəsalınmaz cərrahi müdaxilələr cərrahi yara yırtıqlarının yaranması riskini artırmış olur.
Araşdırmalardan bəllidir ki, aparılan bütün abdominal kəsiklərin 10-15%-da cərrahi yara yırtıqları yarana bilər. Əməliyyatdan sonrakı dövrdə yara infeksiyasına qazanmış xəstələrin 23%-da cərrahi yara yırtığı əmələ gəlir. Bu cür yırtıqlar istənilən növ abdominal divar kəsiyindən sonra baş verə bilər. Lakin, cərrahi kəsik yarası yırtıqları daha çox orta xətt kəsiklərindən sonra əmələ gəlir. Abdominal yaranın aralanması cərrahi kəsik yarası yırtığına səbəb olur. Yaranın kənarlarının aralanmasına səbəb olan faktorlara xəstənin yaşının çox olması (70 yaşdan yuxarı şəxslərdə daha çox rast gəlinir), kişi cinsi, xroniki ağ ciyər xəstəliyi, assit, sarılıq, anemiya, təcili cərrahi müdaxilə, öskürək, cərrahi müdaxilənin növü və yara infeksiyası aiddir.
Cərrahi kəsik yarası yırtıqları həddən artıq böyük ölçülərdə ola bilər. Bu cür qiqant ventral (abdominal) yırtıqlarda çox zaman nazik və ya yoğun bağırsağın xeyli hissəsi də yerləşə bilir. Ən son mərhələdə, cərrahi kəsik yarası yırtığı o dərəcədə böyük ola bilər ki, qarın boşluğu orqanları artıq bütovlükdə yırtıq kisəsində yerləşə bilər.
Cərrahi kəsik yırtıqları daha çox erkən postoperativ dövrdə inkişaf edir. Buna görə də, düşünülür ki, cərrahi kəsik yırtıqlarının əmələ gəlməsində yerli faktorlar - infeksiya, yarada dartınma və cərrahi yaranın bağlanması texnikası - xüsusi rola malikdir. Lakin, yırtıqlar həm də cərrahi müdaxilədən 10 il sonra da yarana bilər. Bir çox hallarda onlar əvvəllər müəyyən edilməmiş kiçik yırtıqlardan irəli gəlir.
Yuxarı abdominal kəsiklər zamanı yırtıqların əmələ gəlmə ehtimalı daha çox olur. Aşağı abdominal kəsiklərdən sonra isə yırtıqlar az hallarda əmələ gəlir. Kiçik randomizə olunmuş tədqiqat zamanı abdominal aorta anevrizmasının cərrahi müalicəsi məqsədilə aparılan köndələn və vertikal abdominal kəsiklərdən sonra cərrahi kəsik yırtıqlarının əmələ gəlməsi ehtimalı öyrənilmişdir. Cərrahi kəsikdən sonra 4 il ərzində aparılmış müşahidədən məlum olmuşdur ki, köndələn cərrahi kəsikdən sonra yırtıqlar daha az hallarda əmələ gəlir. Lakin, vertikal kəsiklərdən sonra cərrahi kəsik yırtıqlarının yaranması ehtimalı daha yüksək olur.
Postoperativ ventral yırtıqlar paramedian, qabırğaaltı, MkBurne, Pfannensteyl və yanlarda (cinahlarda) aparılmış kəsiklərdən sonra da əmələ gələ bilər. Laparoskopik portlarda da abdominal divar fassiyasının defekti səbəbindən yırtıqlar əmələ gələ bilər.
Klinika — Cərrahi kəsik yırtığı olan xəstələr adətən qarın divarında olan və cərrahi çapığın dərinliyindən yaranan qabarıqlıqdan şikayətlənir. Bu xəstələrin bir qismində müxtəlif dərəcəli diskomfort, digərlərində isə kosmetik cəhətdən narahatlılığa səbəb ola bilər. Simptomlar adətən öskürək və ya gücənmə zamanı daha da pisləşir. Buna səbəb isə öskürək və gücənmə zamanı yırtığın tərkibi abdominal divarda olan defektdən çıxmış olur.
Bəzi hallarda isə xəstələr cərrahi kəsik yırtığında inkarserasiya olunmuş bağırsaq ilmələri səbəbindən bağırsaq obstruksiyası klinikası ilə müraciət edir. İri ventral yırtıqlarda isə yırtıq sahəsində olan dəridə işemik əlamətlər və ya yırtıq tərkibinin təzyiqi nəticəsində nekroz müşahidə edilə bilər. Bəzən isə bu dəridə xoranın əmələ gəlməsinə səbəb ola bilər.
17:10 23.08.2022
12:59 04.08.2021
10:09 04.08.2021
08:57 04.08.2021
15:17 30.07.2021
14:55 30.07.2021
12:26 29.07.2021
11:31 29.07.2021
16:38 27.07.2021
14:33 27.07.2021
17:35 26.07.2021
17:17 26.07.2021
14:09 26.07.2021
17:01 22.07.2021
10:56 22.07.2021
Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə