Tromblar necə yaranır və niyə təhlükəlidir? - Həkim XƏBƏRDARLIĞI

470 baxış

Son illərdə əhali arasında trombla bağlı problemlərə geniş rast gəlinir. Tromb nədir, necə əmələ gəlir?

- Tromb damarın tıxacıdır. Trombun əmələ gəlməsi üçün damarda 3 faktor var. Onlardan biri qan  axan damarın içindəki sürətin azalması, ikincisi, qanın qatılığının artmasıdır. Qan nə qədər qatıdırsa, bir o qədər də tromblaşmağa meyllidir. Üçüncü faktor isə divarda olan hər hansı kələ-kötürlükdür. Yəni hamar damarın içində qan daha tez axar, kələ-kötür damarın içində qan daha zəif axar və tromblaşar. Tromb qanın qatılaşması, tıxacın əmələ gəlməsi deməkdir.

- Ən çox hansı damarda tromba rast gəlinir?

- Tromblar həm venalarda, həm də arteriyalarda əmələ gələ bilər. Ümumiyyətlə, sıxlığına görə arteriyalarda tromblar daha çox əmələ gəlir. Çünki trombun əmələ gəlməsində damar divarının kələ-kötürləşməsi dediyimiz faktor bir xəstəlik olaraq ateroskleroz deyilən xəstəlikdir. Bu arteriyalarda daha çox əmələ gəlir. Ona görə də birinci yerdə ürəyin tac damarları, sonra da yuxu damarları gəlir. Venalara gəlincə,  birinci yerdə aşağı ətrafların venalarıdır.

- Bəs bunun əlamətləri hansılardır?

- Aşağı ətraf venalarında əlamətlər iki cürdür, dərində və səthdə olanlar. Səthdə olanlar gözlə görünür, ilan kimi qıvrım damarlar, yaşıl rəngdə venalar çıxır. Bəzən damarın içi də laxtalanır, biz onu daha bərk halda görürük. Bu səthi venaların tromblaşmasıdır. Bir də dərin venaların tromblaşması var ki, bu zaman birinci növbədə ayaq şişir, insan yorğunluq hiss edir, bir ayaq digər ayağa görə onu “aldadır”. Yəni gözləntilərini qarşılamır, həcmi artır. Bu əlamətlər varsa, artıq həkimə müraciət etmək lazımdır.

- “Dərin vena” nə deməkdir?

-Ümumiyyətlə, bizim ayağımızın qanının 85 faizi dərin vena ilə, 15-20 faizi səthi venalarla gedir. Bu ona görədir ki, dərin venalar daha qalın diametr, səthi venalar isə daha zəif diametrdədir. Dərin venalar gözlə görünmür, səthi venalar isə görünür. Dərin venalar tutulduğu zaman biz onu görə bilmərik. Ayaq çox gözəl də görünə bilər, amma ayaq şişər, yorular, ayaqda daha uzun müddətli yaralar əmələ gələr. O hal daha təhlükəlidir və təəssüf ki, cərrahi müalicəsi yoxdur.

 - Estetik cəhətdən gözəl görünmədiyi üçün trombla bağlı daha çox qadınlar həkimə müraciət edirlər. Yəqin ona görə deyirlər ki, bu xəstəliyə daha çox qadınlarda rast gəlinir...

- Faiz etibarilə səthi venoz trombozlara qadınlarda daha sıx rast gəlinir. Bunun bir çox səbəbləri var. Birinci faktor qadın hormonlarıdır. İkinci ən önəmli faktorlar hamiləlikdir. Yəni qarın içi təzyiqin artması qadınlarda kişilərə görə daha çox olur. Ona görə də qadınlar venoz çatışmazlığı, varikoz problemləri ilə daha çox rastlaşırlar. Amma həkimə müraciət etmə səbəbləri sadəcə, bunlar deyil. Bir az burada işin estetik tərəfi də var.

- Diaqnoz necə qoyulur?

- Xəstəliyin diaqnozunun qoyulması çox rahatdır. Hazırda USM, tomoqrafiya, MRT, rentgen kimi fərqli-fərqli üsullar var. Bunların heç birinə ehtiyac olmadan sadə bir doplerlə diaqnozu qoymaq mümkündür. Trombun orda əmələ gəlib, daha yuxarıya gedib-getmədiyini təbii ki, tomoqrafiya ilə təyin etmək olar. Amma sırf aşağı ətrafların venozların diaqnozu doplerlə qoyulur.

- Bəs müalicə necə aparılmalıdır?

- Müalicə üsulları fərqlidir. Bunlar trombun dərin yoxsa səthi venalarda olmasına görə dəyişilir. Səthi venalarda, təbii o damar artıq sıradan çıxıbsa və insan fiziologiyasında bir rolu yoxdursa, artıq o venanı çıxarırlar. Hazırda insanın ayağını əməliyyat edib həmin venanı çıxarmaq metodu ilə yanaşı, o venanın içini lazerlə yandırmaq metodu da icra olunur. Məqsəd odur ki, venanın içinə qan gəlməsin, vena incə bir sapa dönsün və dəri altında itib getsin. Dərin venoz çatışmazlıqlarda xəstə dərin venaların trombozu ilə bağlı müraciət edirsə, bu, daha ciddi hal sayılır. Birmənalı olaraq trombları qan durulaşdırıcılar vasitəsilə, kataterlərlə aspirasiya etməklə, içinə qan durulaşdıcırı dərmanlar vurmaq vasitəsilə müalicə olunurlar. Amma təəssüf ki, uzun müddətli venoz çatışmazlığın hələ ki, təbabətdə köklü müalicəsi yoxdur.

- Deməli, bu xəstələr mütəmadi olaraq müalicə almalıdırlar? Cərrahi yolla da mümkün olmur?

- Dərin venalarda olan problemin cərrahi yolla da müalicəsi yoxdur. Sadəcə, səthi venalarda olan problemin birdəfəlik müalicəsi var.

 - Hansı tromblar ölümə səbəb olur?

- Dərin venaların trombları ölümə səbəb olur. Onlardan biri də ağciyər emboliyasıdır, yəni laxtanın qopub ağciyər arteriyalarına ötürülməsi. Bu, ürək-damar xəstəliklərindən ölmə səbəbləri arasında üçüncü yerdə durur. Çox ciddi bir ağırlaşmadır.

- Tromb nə zaman riskli sayılır?

- Bir neçə xəstə qrupu var ki, onlar ağciyər emboliyasına (trombuna) meyllidirlər. Ümumi desək, kimin aşağı ətraflarındakı dərin venalarda, böyük magistral venalarında tromb varsa, onlar pulmoner emboliya probleminə namizəddirlər. Amma bu hər xəstədə də olmur. Daha çox yataq rejimində olan xəstələrdə, müalicə almayan xəstələrdə, onkoloji yataq xəstələrində bunun emboliyaya çevrilmək riski daha yüksəkdir.

Demədi Demə

12:29 05.02.2020


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə