Zob qalxanabənzər vəzin qeyri-normal patoloji böyüməsidir. Böyüklərdə zob diffuz (yayılmış) və ya düyünlü olur. Həmçinin, zob qalxanabənzər vəzin hormonlarının normal, azalmış və ya artmış ifrazı ilə müşahidə edilir.
ETİOLOGİYA.
Zobun əksər halları yodun çatışmazlığı səbəbindən inkişaf edir. Azərbaycanda yod çatışmazlığı ciddi problemdir və bu səbəbdən zob ölkədə, xüsusilə də, dağlıq zonalarda geniş yayılmışdır. İnkişaf etmiş ölkələrdə isə yod çatışmazlığı səbəbindən zob çox nadir hallarda rast gəlinir. Bu ölkələrdə zob əsasən çoxdüyünlü zob, xroniki autoimmun (Haşimoto) tiroiditi və Qreyvs (hipertireoz) xəstəliyi ilə bağlıdır. Yaşlı və ahıl insanlarda zob əsasən çoxdüyünlü olur.
Zobun digər az hallarda müşahidə edilən səbəblərinə törəmələr, tiroiditlər (qalxanabənzər vəzin iltihabı) və infiltrativ xəstəliklər daxildir. Çoxdüyünlü zobu olan xəstələrdə qalxanabənzər vəzin xərçəngi riski təxminən 3-5%-dır və solitar (və ya tək) tiroid düyünləri ilə eyni riskə malikdir. Məsələn, Pakistanda zobu olan 718 xəstənin 2.9%-də tiroid vəzinin xərçəngi təyin edilmişdir.
PATOFİZİOLOGİYA.
Yod çatışmazlığı və ya xroniki autoimmun (Haşimoto) tiroiditi olan xəstələrdə zobun inkişafının əsas səbəbi TSH və ya tiroid stimullaşdırıcı hormonun ifrazının artmasıdır. Halbuki, sporadik qeyri-toksik çoxdüyünlü zobu olan xəstələrdə TSH-nun səviyyəsi normada olur. Bu xəstələrdə tiroid vəzi toxumasının böyüməsi, TSH də daxil olmaqla, bir neçə müxtəlif böyümə faktorunun qalxanabənzər vəzin follikulyar hüceyrələrinə təsiri ilə bağlıdır. Müxtəlif böyümə faktorunun təsiri nəticəsində tiroid vəzinin diffuz, daha sonra isə çoxdüyünlü böyüməsi baş verir. Bu düyünlərin bir sırasında TSH reseptoru və ya G zülallarda baş verən aktivləşdirici mutasiyalar, həmin düyünlərin avtonom olmasına səbəb ola bilir.
Xəstələrin bir çoxunda nəsildə zob xəstəliyinin olduğu müəyyən edilir. Buna görə də, zob xəstəliyində genetik faktorların da rol oynadığı nəzərdən keçirilir. Bir çox xəstədə zobun inkişafı aşağıdakı addımlarla baş verir:
Ahıl və daha çox yaşlı insanlarda tiroid vəzinin ümumi həcminin artması.
Xəstə təyin edilən zobun ölçüsü həmin zobun xəstədə olduğu müddətin uzunluğu ilə düz mütanasibdir.
Zobun ölçüsü böyük olduqca, qanda TSH-nun konsentrasiyası aşağı düşmüş olur.
Qreyvs xəstəliyində isə tirotropin reseptorlarına qarşı anticismlər TSH reseptoruna birləşərək onu stimullaşdırır və tiroid hormonun böyüməsinə və artıq hormon ifrazına səbəb olur.
17:10 23.08.2022
12:59 04.08.2021
10:09 04.08.2021
08:57 04.08.2021
15:17 30.07.2021
14:55 30.07.2021
12:26 29.07.2021
11:31 29.07.2021
16:38 27.07.2021
14:33 27.07.2021
17:35 26.07.2021
17:17 26.07.2021
14:09 26.07.2021
17:01 22.07.2021
10:56 22.07.2021
Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə