VACİB VİDEO! - Evinizdə qeydiyyatda artıq adam varsa, mütləq baxın!

409 baxış

Vəkil
Vamiq Şükürov
 050 270 85 88
İnstaqram: vekil_vamiqsukurov
Facebook: Vəkil Vamiq Şükürov

Mənzilin keçmiş mülkiyyətçiləri çox vaxt hazırda yaşadıqları evin heç bir mülkiyyət sənədinin olmamasını əsas göstərərək, qeydiyyata düşə bilməmələrini səbəb göstərib, problemi uzadırlar. Mənzil alan yeni mülkiyyətçi isə bu müddətdə əlavə kommunal xidmət haqqı ödəməyə məcbur olur. Üstəlik, içində daimi olaraq bir narahatlıq da olur ki, əgər həmin şəxslər qeydiyyatdan çıxmaq istəməsələr, nə olacaq?

Bu yaxınlarda bu mövzuda Mingəçevir şəhərində baş vermiş maraqlı bir hadisə eşitdim. Deyilənə görə, şəhər sakinlərindən biri illər öncə 2 otaqlı mənzil alıb, amma xahiş-minnətləri nəzərə alaraq əvvəlki mülkiyyətçini qeydiyyatdan çıxarmayıb. 5 il sonra Azərbaycana qayıdan həmin şəxs isə otaqlardan birini zəbt edib və deyib: "Beş min dollar verməsəniz, qeydiyyatdan çıxan deyiləm. Nə illah ediblər, razılaşmayıb".

Qeyd edək ki, çox vaxt bununla bağlı məhkəmələrə və rayon polis idarəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbətlərinə edilən müraciətlər də səmərəsiz qalır. Bu iki qurum arasındakı "ötür-ötür oyunu" vətəndaşlara böyük problemlər yaşadır.

Bakı Hüquq Mərkəzindən (BHM) qəzetimizə daxil olan yazılı açıqlamada qeyd olunur ki, vətəndaşların tez-tez qarşılaşdığı bu problem qanunvericilikdən, konkret desək, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" qanunun 9-cu maddəsindən qaynaqlanır. Mərkəzin hüquq məsləhətçisi Dünyamin Novruzov deyir ki, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması halları qanunun 9-cu maddəsində öz əksini tapıb: "Lakin həmin maddədə qarşılaşdığınız problemin müvafiq rayon polis idarəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsi tərəfindən həlli imkanı nəzərdə tutulmayıb.

Çünki 9-cu maddənin 1-ci hissəsinə görə, şəxs yaşayış yerini dəyişdikdə, yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən, əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Lakin müəyyən hallarda əvvəlki sakinlər yeni yaşayış yeri üzrə qeydiyyata alınmadıqları üçün həmin maddənin tətbiqi mümkün deyildir".

Hüquq məsləhətçisinin sözlərinə görə, əvvəlki sakinlərin yeni mülkiyyətçinin mənzilində qeydiyyatda qalmaqda davam etməsi "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" qanunun bir sıra müddəaları ilə ziddiyyət təşkil edir.

Belə ki, qanunun 1-ci maddəsinə görə, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Qanunun 2-ci maddəsinə görə, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.

Qanunun 5-ci maddəsinə görə, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Hüquqşünas qeyd edir ki, qeyd olunan halda, əvvəlki sakinlərin mənzili alan şəxsin mənzilində qeydiyyatda qalmaları üçün hüquqi əsas yoxdur, onların qeydiyyatı yalnız formal xarakter daşıyır və faktiki vəziyyəti əks etdirmir. Onun sözlərinə görə, vətəndaş rayon polis idarəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinin imtina cavabını aldıqdan sonra İnzibati-Prosessual Məcəlləyə əsasən, müvafiq inzibati-iqtisadi məhkəməyə müraciət edə və sözügedən şəxslərin mənzil üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh rayon polis idarəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş edə bilər.

Hüquqşünas hazırda müvafiq inzibati-iqtisadi məhkəmələr tərəfindən inzibati icraat qaydasında belə mübahisələrə baxılıdığını və həll olunduğunu vurğulayır. Ekspertin sözlərinə görə, hazırda mövcud vəziyyət bu problemlə üzləşən vətəndaşların İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 8-ci maddəsində təsbit olunmuş şəxsi həyata və ailə həyatına hörmət hüququnun pozulması ilə nəticələnir: "Belə ki, adıçəkilən maddənin 1-ci hissəsinə görə, hər kəs öz şəxsi və ailə həyatına, evinə və yazışma sirrinə hörmət hüququna malikdir.

Vətəndaşa məxsus mənzildə onunla əlaqəsi olmayan şəxslərin mülkiyyətçinin iradəsi əleyhinə daimi qeydiyyatda olması vətəndaş üçün bir sıra neqativ nəticələr (həmin şəxslərə görə əlavə kommunal haqqı ödəmək, mənzili satacağı halda onların yazılı razılıq ərizəsini almalı olması, həmin şəxslərə ünvanlanacaq poçt göndərişlərinin vətəndaşa məxsus mənzilə gələcək olması və s.) yaradır. Bu isə şəxsi həyata və ailə

həyatına hörmət hüququnun pozulmasına səbəb olur".

Demədi Demə

19:03 22.04.2020


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə