Bina evlərində yaşayanlar - Komunal ödəniş adı ilə sizi aldadıllar

449 baxış

Vəkil
Vamiq Şükürov
 050 270 85 88
İnstaqram: vekil_vamiqsukurov
Facebook: Vəkil Vamiq Şükürov

Sual: Mənzil-tikinti kooperativləri sahə mülkiyyətçilərindən çıxarış alınması üçün zəruri sənədlərin verilməsinə görə ödəniş tələb edə bilərmi?

Cavab: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarış əldə etmək üçün mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) tələb olunur.

Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir.

Həmçinin, Məcəllənin 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır.

Beləliklə, çoxmənzilli binada yerləşən yaşayış və qeyri-yaşayış sahələri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı barədə çıxarışın əldə olunması üçün mənzil-tikinti kooperativi tərəfindən müvafiq sənədlərin verilməsinə görə haqqın alınması ilə bağlı mövcud qanunvericilikdə normalar müəyyən olunmamışdır.

 

Sual: Çoxmənzilli binanın idarəedicisi ilə sahə mülkiyyətçisi arasında müqavilə bağlanmayıbsa yaşayış sahəsinin saxlanma haqqı ödənilməlidirmi?

Cavab: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 38-ci maddəsinə uyğun olaraq, çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. Çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir.

Mənzil Məcəlləsinin 135-ci maddəsinə görə yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi mənzil-tikinti kooperativi üzvləri üçün mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi, yaşayış sahəsinin mülkiyyətçisi üçün isə yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaranmış hesab edilir.

Mənzil Məcəlləsinin 137-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər.

Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər.

Həmçinin, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər.

Eyni zamanda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 393-1.4-cü maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisi tərəfindən ona məxsus olan sahənin saxlanması xərclərini, habelə mənzil qanunvericiliyinə uyğun olaraq çoxmənzilli binanın ümumi əmlakının saxlanması xərclərini vaxtında və tam məbləğdə çəkməkdən boyun qaçırılmasına görə ödənilməli olan ödənişlərin məbləğinin yüz faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir.

Demədi Demə

14:40 26.03.2020


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə