Azərbaycanda koronovirusa yoluxmaq riskinin ən böyük olduğu qəsəbə - AŞAĞI GÜZDƏKDƏN ŞOK GÖRÜNTÜ

445 baxış

Abşeron rayon Aşağı Güzdək qəsəbəsində sakinləri küçələrdə zibil qutusunun olmamasından və bu səbəbdən zibillərin yol kənarlarına atılmasından, küçələrə toplanan quduz itlərdən şikayətçidirlər.

Axar.az xəbər verir ki, bununla bağlı tanınmış yutuber Bahadur Seyidov video-görüntü də yayıb. O bildirib ki, qəsəbədə yerləşən məktəbin, meyvə-tərəvəz mağazasının ətrafına və küçələrə zibillər atılması nəticəsində natəmizlik müşahidə olunur. Yutuber bu zibilliklərə mütəmadi olaraq küçə itlərinin toplaşdığını bildirərək, onların sakinlərin və uşaqların həyatı üçün təhlükə yaratdığını qeyd edib.

Məsələ ilə bağlı saytımıza açıqlama verən Aşağı Güzdək qəsəbəsinin bələdiyyə sədri Seymur İmamverdiyev bildirib ki, sözügedən ərazi hər gün zibillərdən təmizlənir:

“Qəsəbədə zibillərin təmizlənməsi şəxsən mənim nəzarətimdə olan məsələdir. Ərazidə zibil qabları da var və zibil qabları olmayan yerlərdə isə zibil məntəqələri tikilib. Bunu əraziyə gəlib, öz gözlərinizlə də görə bilərsiniz. O videonu yayan şəxsin qonşuları ilə də əlaqə saxlayıb, onların bu məsələ ilə bağlı şikayətinin olub-olmamasını soruşa bilərsiniz. Bahadur Seyidov istəyir ki, evinin qabağında zibil məntəqəsi olmasın. Bu da onun istəyi ilə deyil. Çünki həmin ərazi 3-4 küçənin birləşdiyi yerdir və sakinlər üçün zibillərin orada toplanması daha rahatdır. Qəsəbə ərazisində zibil məntəqələrinin tikintisinə və qutuların qoyulmasına artıq başlanılıb. Bahadur Seyidovun evi qəsəbənin mərkəzində yerləşir. 15-20 gün ərzində o ərazinin növbəsi çatacaq, 4 divarın içində məntəqə tikiləcək və ya zibil qutuları qoyulacaq. Biz mərkəzdən başlayıb qəsəbənin ayağına və ya başına doğru iş gördürə bilmərik. Hər ərazinin öz növbəsi var”.

Bələdiyyə sədri zibillərin küçə boyu səpələnməsinə və gec yığışdırılmasına da maraqlı reaksiya verib:

“Bahadur Seyidov özü qəsdən zibil qutularını vurub aşırdır. Sonra da çəkiliş edir ki, qəsəbədə zibillər təmizlənmir. Bununla bağlı bizim əlimizdə görüntülər var və biz hüquq-mühafizə orqanlarına müraciət edəcəyik. Qəsəbədə hər gün saat 07.30-dan başlayaraq, zibillər təmizlənir. Qəsəbənin əvvəlindən axırına kimi zibillərin toplanması isə 1-2 saat vaxt tələb edən məsələdir. Ola bilməz ki, bu işlər saat 11-ə qədər davam etsin. Bahadur Seyidov bələdiyyəyə yaxınlaşanda artıq 1 saat olardı ki, bizim texnika bütün zibilləri toplayıb, gəlmişdi. Müəyyən ərazilərdə zibillərin əllə toplamasına səbəb isə bəzi sakinlərin zibilləri torbalarda evlərinin qarşısına qoymasıdır. Bizim işçilər də onlarla problem yaranmasın deyə, yaxınlaşıb evlərin qarşısından o zibil torbalarını toplayırlar”.

Bələdiyyə sədri qəsəbədə rast həlinən çoxsaylı küçə itlərinin də təhlükəli olmadığını bildirib:

“İtlərlə bağlı hər hansı təhlükə yoxdur. Mən heyvansevər insanam. Əgər it heç kimə hürmürsə, zərər vermirsə, o iti necə vurmaq olar? Sakinlərdən bizə itlərlə bağlı müraciət daxil olmayıb. Əgər rəsmi şəkildə müraciət olarsa, biz aidiyyəti qurumlarla birlikdə məsələnin həlli üçün işlər görəcəyik”.

Demədi Demə

11:48 06.03.2020


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə