Warren Buffett. 90 yaşında 80 milyard dollar sərvətə malikdir. Dünyanın “ən varlı beş insan”ından biridi. Özünüzü bu adamla müqayisə edə bilərsinizmi? Siz daha varlısınız, yoxsa Warren Buffett? Bu dəqiqə imkanınız olsaydı, onunla yerinizi dəyişərdinizmi?
Yox. Çünki, o, 90 yaşındadı. Ayaqüstə güclə durur, düz-əməlli yeriyə də bilmir.
Bəs o, sizinlə yer dəyişdirmək istəyirmi?
Bəli. Bunun üçün malik olduğu 80 milyardı verər, bir 10 milyard da borc alıb ödəyər. Təki, sizin yerinizdə olsun. Əlində imkan olsa, bircə saniyə də düşünməz. Çünki, bu dünyada ən önəmli olan iki şeydən biri-zamanı qalmayıb.
Yenidən düşünək; kim daha çox varlıdır? 80 milyard dolları olan biri sizin yerinizdə olmaq istəyir, amma, siz onun yerində olmaq istəmirsiniz. Kim daha yaxşıdı? Düşünün, siz 80 milyard dollardan daha qiymətli olan zamanınızı boşa xərcləyirsiniz.
Həyatda sahib olduğunuz ən böyük iki xəzinədən biri sağlamlığınız, biri də zamanınızdı. Bu ikisi olmadan dünyada heç nəyin önəmi və dadı qalmır. Təəssüf ki, xəzinəmizin dəyərini də itirdikdən sonra anlayırıq. Bu videonu hazırlamaqda məqsədim odur ki, sizə zamanınızın nə qədər dəyərli olduğunu anladım. İstəyirəm ki, vaxtınızı düzgün dəyərləndirmək üçün elə indi hərəkətə keçəsiniz. Əvvəllər uğur qazanmağın sirrinin 3 amilə dayandığı barədə müxtəlif videolarda çox danışmışıq. Bunlar: çox çalışmaq, çox vaxt ayırmaq və səhv edərək düzgün yolu öyrənməkdi.
İndiyə qədər tanıdığınız uğurlu insanlar bütün vaxtlarını qarşısına qoyduğu məqsədçün xərcləyir. Elə bir adam tapmazsınız ki, çalışmadan, vaxt həsr etmədən uğur qazansın.
Bəs siz nə edirsiniz? Özünüzə bir qrafik qurun. Məsələn:
-çatmaq istədiyiniz hədəf üçün keçən həftə nə qədər çalışdınız?
-hədəfiniz yoxdur? Yeni hədəf seçmək üçün nə qədər zaman ayırdınız?
Günlərinizi boş-boşuna keçirərək, “nə olar, olar” deyib nəyisə gözləyərək hədəfinizə çata bilməzsiniz.
Boşuna vaxt itirməmək üçün uyğun bir metodum var. Bu gün sizinlə bu metod haqqında danışmaq istəyirəm. Boş vaxtlarınızı dəyərləndirirkən özünüzdən soruşun:
-Bu anda gördüyüm iş məni bir insan kimi inkişaf etdirirmi?
-Mənə pul qazandırırmı?
-Hədəflərimə çatmağa kömək edirmi?
Üç sualın da cavabı “yox”dursa, gördüyünüz işi dayandırın və sizə yararlı olacaq başqa bir işlə məşğul olun.
Bəzən uğurlu bir insan haqqında məqalə oxuyuruq. Qarşımıza belə cümlələr çıxır: “2003-cü ildə şirkət qurdu, sonra filan yaşda filan böyük işə imza atdı” və s. Sizdə elə illüziya yaranır ki, onlar durduqları yerdə bu uğurlar göydən ovuclarına düşüb. Çünki, məqalələrin çoxunda həmin insanın çəkdiyi zəhmət və xərclədiyi zaman yazılmır. Həmin yazılarda oxuduqlarımız aysberqin görünən parçasıdı. Uğurlar, şöhrət, pul haqqında yazılır, amma illərin əziyyəti suyun altında qalır. Televizorlarda, xəbərlərdə bir insanın ancaq uğurlarından danışılır, uğursuzluqları haqqında heç nə deyilmir. Amma, uğura gedən yolun hər döngəsi uğursuzluğun verdiyi dərsdi. Bu cür “uğur illüziyası”ndan sonra siz də elə düşnürsünüz ki, hər şey öz-özünə baş verə bilər.
Bu gün boşa keçən zamanınızı dəyərləndirməsəniz, bir il, iki il, hətta, üç il sonra da yeni heç nə baş verməyəcək. Bu gün televizorda baxdığınız hansısa veriliş, kompyuterdə oynadığınız oyunlar, youtube`də izlədiyiniz əyləncəli videolar dəyərli vaxtınızı alır. Bir il sonra baxıb görəcəksiniz ki, bunlar sizdə heç bir irəliləyişə səbəb olmayıb. Amma zamanınızı nəsə bir şey yaratmağa, öyrənməyə, yaxud hansısa hədəfinizə gedən yolu müəyyənləşdirməyə xərcləsəniz, illər keçsə də, sizin qazancınız olacaq.
Çalışın, bir gününüzü belə nə iləsə məşğul olmadan, boşuna keçirməyin. Bu o demək deyil ki, bu gün işləsəniz, sabah 1 milyon dollar qazanacaqsınız. Bu, sadəcə, başlanğıcdı. Kiçik addımlar atın, amma hədəfinizə doğru atın. Məsələn, nəyi arzulayırsınız? O arzunuzu hədəfə çevirin və başlayın onunla bağlı araşdırmalar aparmağa. Bu mövzuda uğur qazanan insanlarla əlaqə yaradın. Hədəfinizə çatmaq üçün plan qurun. Bu haqda kitablar da oxuya bilərsiniz. Bunları edərkən 15, yaxud 55 yaşında olmağınızın önəmi yoxdur.
“Hələ nə yaşım var ki?”, yaxud, “daha yaşım keçib” kimi fikirləri özünüzdən uzaqlaşdırın. Bu gün gördüyünüz kiçik bir yaradıcı iş bir il sonra karyeranızın başlanğıcı ola bilər. “Sevdiyim işlə məşğulam” sözünü ürəklə deməyiniz üçün o işi özünüz seçməlisiniz. Siz ayağınızı uzadıb “Allah yaratdığını ac qoymaz” deyib, varlı qonşunuza “oğru” gözüylə baxıb zamandan ummağa davam etsəniz, heç nə əldə etməyəcəksiniz. Həyat heç kimin əlindən tutub hədəflərə doğru aparmır.
“2 saat kitab oxumaq, yaxud araşdırma aparmaqla nə qazanacağam ki?!”-deyə düşünməyin. Heç kim bir gündə holdinq qurmur. Qət edəcəyiniz məsafə 100 min km olsa belə, mənzilə çatmaq üçün ilk addımı atmalısınız. Sonra ikinci…üçüncü… dördüncü addım… Yəni, daim irəliyə doğru davam etməlisiniz. Bu gün özünüzü motivasiya edib 2 saat çalışın, sabahdan da 2 həftə əlinizi əlinizin üstünə qoyub heç nə etməyin, nəticə 0 olacaq. Az da olsa, hər gün hədəfləriniz üzərində çalışmalısınız.
17:10 23.08.2022
12:59 04.08.2021
10:09 04.08.2021
08:57 04.08.2021
15:17 30.07.2021
14:55 30.07.2021
12:26 29.07.2021
11:31 29.07.2021
16:38 27.07.2021
14:33 27.07.2021
17:35 26.07.2021
17:17 26.07.2021
14:09 26.07.2021
17:01 22.07.2021
10:56 22.07.2021
Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə